İspaniya hökuməti Baş nazir Pedro Sançezin həyat yoldaşı Beqona Qomezin NATO Zirvə Görüşü üçün Ankaraya səfər etmək istəyinin rədd edilməsinə qəzəblə reaksiya verib.
Hafta.az yazır ki, Beqona Qomezlə bağlı qərar İspaniyada siyasi müzakirələrin mərkəzinə çevrilib. İspaniyanın rəsmi xəbər agentliyi EFE hökumətin Beqona Qomezin Ankaraya səyahətinə icazə verilməməsindən "təəccübləndiyini" bildirib.
Baş nazirin ofisindəki mənbələrə istinadən verilən xəbərdə bildirilir ki, hökumət rəsmiləri ispan hakiminin Beqona Qomezin Londona səyahətinə icazə verərkən Ankaraya səyahətinə icazə verməməsi qərarını "anlaşılmaz" hesab ediblər.
Hökumət rəsmilərinin qərardan "təəccübləndiklərini" bildiriblər və bunu "hakimin bu işdəki qəddarlığının, qərəzinin və qeyri-mütənasib hərəkətlərinin sübutu" kimi qiymətləndiriblər.
Xatırladaq ki, məhkəmə bu gün Beqona Qomezin əri Pedro Sançezi NATO-nun Ankara Zirvəsinə müşayiət etmək və qızının Londonda keçirilən məzuniyyət mərasiminə qatılmaq üçün 7-10 iyul tarixləri arasında xaricə səyahət etmək üçün icazə tələbi ilə bağlı qərarını açıqlayıb.
Beqona Qomezin işinə baxan hakim Xuan Karlos Peynado yay tətilində olduğu üçün hakim Antonio Viejo ərizəyə cavab verib.
İspaniyalı hakim, "Türkiyənin polis və məhkəmə əməkdaşlığını asanlaşdırmaq baxımından Avropa Birliyinin (AB) bir hissəsi olmadığını" və Qomezin Ankarada keçirilən NATO Zirvəsinə "aktiv rol oynamaqdansa, institusional nəzakət naminə" dəvət olunduğunu iddia edərək, İspaniya Baş nazirinin həyat yoldaşının Ankaraya səfər etməsinə icazə verməyib.
Lakin hakim Viejo, müvəqqəti olaraq qadağanı ləğv edərək, Beqona Qomezin qızının məzuniyyət mərasimi üçün Londona getməsinə icazə verib və bunu "İspaniya ilə Böyük Britaniya arasında yaxşı məhkəmə əməkdaşlığı münasibətləri və iştirak etməyi planlaşdırdığı tədbirin xarakteri" ilə əlaqələndirib, baxmayaraq ki, Böyük Britaniya da Türkiyə kimi AB üzvü deyil.
Beqona Qomez, NATO-nun Ankara Zirvəsində iştirak edən ölkə liderlərinin bütün həyat yoldaşları kimi, rəsmən dəvət olunmuşdu.
İspaniya tarixində pasportu müsadirə edilən ilk baş nazirin həyat yoldaşı olan Beqona Qomez "nüfuzdan sui-istifadə, biznes korrupsiyası, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə"də ittiham olunur.
Hakim Xuan Karlos Peynado ölkədən qaçdığı şübhəsi ilə əlaqədar ehtiyat tədbiri gördüyünə görə Beqona Qomez pasportunu iyunun 24-də məhkəməyə təhvil verib.
Beqona Qomez sonuncu dəfə iki ay əvvəl Baş nazir Sançezlə birlikdə Çinə səfər edib.