İri ticarət müəssisələrində 3-cü doza vaksin tələbinə zərurət görmürəm - İnfeksionist

15:47 16.05.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

İki il öncə dünya ölkələri vətəndaşlarına “evdə qal” çağırışları edirdisə, artıq tunelin ucundakı işığa çatmış sayılırıq. İndi planetin dörd bir yanından koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qoyulan qadağaların tamamilə ləğv edilməsi barədə xəbərlər alırıq.

Ölkəmizdə də epidemioloji vəziyyətin normallaşmasının ardından, mütəmadi olaraq qoyulan qadağaların yumşaldılmasının şahidi oluruq. Ancaq hələ də, iri ticarət mərkəzləri, molar, restoranlar və s. kimi obyektlərdə vətəndaşlardan üçüncü doza vaksin sertifikatı tələb olunur. Bəs görəsən, hazırda ölkəmizdə karantin qaydalarının tam ləğvi nə qədər realdır? Tibbi baxımdan belə məhdudiyyətlərə ehtiyac varmı?

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən həkim-infeksionist Mərdan Əliyev bildirdi ki, artıq bizdə tam olaraq kollektiv immunitet formalaşıb. Bu sayədə xəstəliyin yenidən artma təhlükəsi aradan qalxıb:

“Kollektiv immunitetin formalaşmasını, əvvəllər karantin qaydalarının yumşaldılması fonunda  yoluxma sayında baş verən təbii artımla müşahidə etdik. Bu da onu göstərir ki, artıq hər kəs virusa yoluxub sağaldı və ona qarşı immunitet əldə etdik. Tək bizdə deyil, bütün Avropada karantin qaydalarının tamamilə ləğv edilməsi həyata keçirilir. Bu il, payıza doğru koronavirusa yoluxanların sayında yenidən artma müşahidə edilə bilər. Amma yoluxma pandemiya səviyyəsində olmayacaq. Belə ki, Covid-19 digər kəskin respirator xəstəliklər kimi, mövsümü olaraq vətəndaşlara yoluxacaq”.

Peyvənd məsələsinə gəldikdə isə həkim vurğuladı ki, belə bir tələbin qüvvədə qalmasına zərurət yoxdur:

“Kimlər risk qrupuna daxildirsə, onlar peyvənd olunmalıdırlar. Fikrimcə, insanların pik olduqları yerlərdə maska taxılmalıdır. Xüsusilə də tibb müəssisələrində buna ehtiyac var. Ancaq hazırda, iri ticarət müəssisələri, mollar, restoranlar və s. yerlərdə 3-cü doza vaksin tələbinə zərurət görmürəm. Yoluxma sayı və ehtimalı azdırsa vaksin tələbinə gərək yoxdur. Tutaq ki, restoran yaxud da alış-veriş mərkəzində kim bizi koronavirusa yoluxduracaq? Məncə bu kimi məhdudiyyətlərə ehtiyac yoxdur. Çünki koronavirusun hazırkı ştamları tam təhlükəsizdir”.

Xatırladaq ki, ötən il il sentyabrın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, bütün tibb və əczaçılıq müəssisələrinin və bütün elm və təhsil müəssisələrinin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Həmçinin, ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunur.

Oxunma sayı 54