Mahnıları ilə İsrailin işğalına diqqət çəkən Fələstin əsilli islandiyalı müğənni Murad paytaxt Reykyavikdə keçirilən “Eurovision” ön seçimində finala yüksəlməyi bacarıb.
Hafta.az-ın Eurovisionworld.com-a istinadən yazdığına görə, Murad martın 2-də keçiriləcək final seçmələri uğurlu alınarsa, İsveçin Malmö şəhərində keçiriləcək yarışmada İslandiyanı “Wild West” mahnısı ilə təmsil edəcək.
2023 Eurovision Mahnı Müsabiqəsində Fransanı təmsil edən Mərakeş əsilli kanadalı müğənni La Zarra 10 yanvarda İsrailin mahnı müsabiqəsində iştirakına qadağa qoymağa çağırıb və “Təəssüf ki, bir daha Fələstinə qarşı qırğınlarla, soyqırımlarla üzləşirik. İnsanlar, Qərb Şəriyədə və Livanda hücumlarla qarşı-qarşıyadır" deyib.
İsveçdə rəssamlar və musiqi sənayesi rəsmiləri də daxil olmaqla 1000 nəfər yanvarın 10-da imza toplayıb və “İsrailin Eurovision Mahnı Müsabiqəsində iştirakının qadağan edilməsini” istəyib. Sənətçilər İsrailin iştirakının qarşısı alınmasa, İsveçin müsabiqədən çıxmasını tələb etmişdilər.
İspan azlığının sol koalisiya hökumətinə xaricdən dəstək verən solçu Podemos Partiyası da yanvarın 1-də bəyanat verərək, Qəzzada dinc əhaliyə qarşı ayrıseçkilik etmədən divan tutan İsrailin “Eurovision”dan qovulmasını tələb edib.
İrlandiya kimi bəzi ölkələrdə sənət adamları və siyasətçilər İsrailin “Eurovision”da iştirakının qarşısının alınmasını istəyiblər.
İslandiyada musiqiçilər assosiasiyası milli yayımçı RUV-ni dekabrda 2024-cü ildə keçiriləcək “Eurovision” müsabiqəsindən imtina etməyə çağırıb. İslandiya Yazıçılar və Bəstəkarlar Cəmiyyəti (FTT) RUV-dən "müharibəyə və günahsız uşaqların və mülki şəxslərin öldürülməsinə qarşı durmağı" tələb edib.
FTT Rusiyanın 2022-ci ildə Ukraynadakı müharibə səbəbindən “Eurovision”da iştirakına qadağa qoyulduğunu xatırladıb və İsrail qatılacağı təqdirdə 2024-cü ildə yarışmanı boykot etməyə çağırıb.
“Gallup”un İslandiyanın milli yayımı olan RUV-də keçirdiyi rəy sorğusuna görə, İslandiya vətəndaşlarının yarısı müsabiqənin boykot edilməli olduğunu düşünür.
İslandiyanın müsabiqədə iştirak edib-etməyəcəyi bəlli olmasa da, müsabiqə ilə bağlı qərarı bu ölkəni “Eurovision”da təmsil edəcək müğənni və milli yayım şirkəti RUV verəcək.
2019-cu ildə Təl-Əvivdə keçirilən “Eurovision” müsabiqəsində İslandiyanı təmsil edən "Hatari" pank-rok qrupu Fələstinlə həmrəylik əlaməti olaraq Fələstin bayrağı motivi olan yaylıq taxıb.