Abituriyentlərə şad xəbər - MARTDA İMTAHAN VERƏNLƏR...

17:15 13.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzənin Direktorlar Şurasının Sədri Məleykə Abbaszadənin tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışında yer alan oxuculara müraciətində qəbul imtahanlarının 1-ci mərhələsinin mart ayında keçirilməsi ilə bağlı narahatlıq yaradan bəzi məqamlara aydınlıq gətirib.

"Bu dərs ilində buraxılış imtahanlarının ikinci yarımilin ortasında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən tədrisi həmin dövrə təsadüf edən mövzular proqrama salınmayıb" - o, bildirib.

M.Abbaszadənin sözlərinə görə, həmin mövzular ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarına daxil ediləcək. Buraxılış imtahanlarının elmi-statistik təhlilləri həm 9, həm də 11-ci siniflər üzrə keçirilmiş buraxılış imtahanlarında tətbiq olunan imtahan modellərinin fənn kurikulumlarının tələblərinə və dərsliklərin məzmununa tam uyğun olduğunu təsdiq edir: "Bu il də buraxılış imtahanları mövcud qaydalar əsasında fənn kurikulumlarının tələblərinə uyğun keçiriləcək. Məlumat üçün bildiririk ki, bilik və bacarıqlar müvafiq fənn kurikulumlarına uyğun olaraq aşağı siniflərdən etibarən öyrədilir və formalaşdırılır. 1-ci sinifdən 11-ci sinifədək ayrı-ayrı fənlər, o cümlədən tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə kurikulumların müəyyən etdiyi məzmun xətləri dəyişmir, tələbləri isə sadədən mürəkkəbə doğru dəyişir. Tədris proqramlarına görə xarici dil fənnindən 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur. Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər".

Oxunma sayı 488