Ağdamda fərəhli günlərini yaşayır - Əvəz Mikayılov

14:15 22.05.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın işğaldan azad olunmuş əraziləri yenidən məskunlaşır, erməni vandallarının dağıtdığı məskənlər bərpa edilir, abadlaşır. May ayına təsadüf edən mühüm hadisələrdən biri də Ağdama edilən növbəti köçlə bağlıdır. Ağdamın Sarıcalı kəndindən sonra Kəngərliyə 50 ailə köçürüldü. 50 ailə öz yurduna, evinə döndü. Ağdam, ağdamlılar bu tarixi günləri necə qarşılayır və necə dəyərləndirir? Müsahibimiz Ağdam Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılovdur:

- May ayının 19-da 50 ailə Ağdama, öz yurduna köçürüldü. Bu, sizdə, bütün ağdamlılarda hansı hissləri oyatdı?

- Təəssüratlarımız böyükdür. Biz Ağdamda, artıq rahat nəfəs ala bilirik, yaşayırıq. Dövlətin göstərdiyi qayğı nəticəsində respublikanın müxtəlif şəhərlərində məskunlaşan məcburi köçkünlərimiz mərhələli şəkildə öz yurd-yuvalarına qayıdırlar.  Bu, hər kəs üçün, ağdamlılar üçün çox sevincli, qürurverici andır. 

May ayı tariximizdə qızıl aydır və bu təqvim hər kəsin xatirində mühüm hadisələrlə yadda alıb. Həmin mühüm hadisələrdən biri də Ağdamın bərpasının bünövrəsinin qoyulduğu günə - 2023-cü il may ayının 28-ə təsadüf edir. O təməl ölkə başçısının, Ali Baş Komandanın Ağdama ikinci dəfə səfəri zamanı qoyulmuşdu. Ağdamda təməlqoyma mərasimi keçiriləndə mən də rayon Ağsaqallar Şurasinin sədri olaraq  bu görüşə dəvət olunmuşdum.  Həmin vaxtlar bərpa işləri yenicə başlayırdı, heç bir tikili, heç bir kommunikasiya xətti yox idi. Həmin tədbirdə bir qrup Ağdam ziyalısı, deputatlar iştirak etdilər. Ağdam sürətlə bərpa olunur. Keçən iki ildən bu günümüzə baxanda nə qədər böyük işlərin görüldüyünü müşahidə edə bilərik.

- Ağdam sizin gözünüzün qarşısında necə dəyişir?

- Ağdamda çox böyük işlər gedir. Orada fəaliyyətə başlayan mərkəzlər var ki, müxtəlif çeşiddə məhsullar istehsal olunur və bu iş uğurla davam etdirilir. İndi də dediyiniz kimi, Kəngərli kəndinə 50 ailə köçdü. Bundan əvvəl isə Sarıcalı kəndi, onun əhalisi belə bir sevinci yaşadı. Yaxın günlərdə, həftələrdə ən böyük ərazisi olan Xıdırlı qəsəbəsinin də son bərpa işləri tamamlanacaq.  Şübhə etmirəm ki, ölkə başçısı qəsəbənin açılışına qatılacaq. Bundan başqa, Ağdamda otellər, qaz, su, işıq kommunikasiyaları bərpa olunub.  Elə ailə var, beşotaqlı mənzillə təmin edilib. Bu işlər hələ yeni başlayıb. Şəhərin özündə 5-7 mərtəbəli yaşayış binaları tikilir. Çox güman ki, bu ilin sonuna qədər şəhərin özünə əhalinin köçürülməsi təmin olunacaq.

Ağdamda genişmiqyaslı quruculuq işləri gedir. Bərdə-Ağdam yolu salınıb, dəmir yolunun çəkilməsi yekunlaşıb. Avtovağzal kompleksinin açılışı olub. Ağdamda böyük, geniş Muğam Mərkəzi istifadəyə verilib.

Ağdam çox fərəhli günlərini yaşayır. Bütün bunlar  göstərir ki, Ağdam böyük bir mərkəz olacaq. Cənab Prezidentin dediyi kimi, 100 minlik şəhər olacaq. Bu da  Ağdamın respublikada Bakı, Gəncə, Sumqayıtdan sonra əhalinin sayına görə ən böyük şəhər olacağını göstərir. Bütün bu işlər gözümüzün qarşısında baş verir və davam edir.

- Sırada daha neçə Ağdam qəsəbəsinin tikintisi öz növbəsini gözləyir?

- Mənim yaşadığım Baş Qərvənd kəndi Bərdədən keçərkən Ağdamın girəcəyində olan kənddir. Baş Qərvənd rayonumuzun ən böyük kəndlərindən idi. O kənddə də Prezident təməlqoyma mərasimi keçirib. Zəngilanın Ağalı kəndində olduğu kimi, burada da “Ağıllı kənd” layihəsi həyata keçiriləcək.

Yaxın günlərdə Baş Qərvənd kəndi, ona qonşu olan Güllücə, Nəbili, Şotlanlı kəndlərinin bərpası nəzərdə tutulur.  Sarıcalı, Kəngərli, Xıdırlı kəndlərində işlər yekunlaşan kimi bizim kənddə də tikinti, bərpa başlayacaq. Biz də səbirsizliklə gözləyirik. Nəhayət, öz kəndimizə, elimizə, obamıza qayıdacağıq. Qərvənd kəndi böyük mədəni kənd olacaq...