Aprelin 20-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında dövlət müstəqilliyimizin bərpasının 35 illiyinə həsr olunan “Azərbaycan Respublikasının inkişaf yolunun siyasi-nəzəri əsasları və ideoloji xətt” mövzusunda respublika elmi konfransı keçirilib.
Hafta.az bildirir ki, Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli müstəqilliyin bərpasının 35 illiyinə həsr olunan konfransı müstəqil dövlətçilik tariximizin əsas mərhələlərinin elmi müstəvidə təhlili baxımından mühüm platforma kimi dəyərləndirib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin sektor müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev “Yeni reallığı şərtləndirən siyasət” mövzusunda məruzə ilə çıxış edib. O, bugünkü tədbirin gələcək proseslərin başlanğıcı kimi qiymətləndirilməsinin zəruriliyinə toxunaraq vurğulayıb ki, cəmiyyəti narahat edən problemlərin müzakirəsi və onların həlli mexanizmlərinin axtarışı məhz bu kimi elmi platformalarda aparılmalıdır.
Müxtəlif mövzularda digər məruzələr də dinlənildikdən sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.