“Arxeoloyi qazıntılar - 2009“

15:15 16.10.2009
Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu (AEİ) cari ilin may ayından etibarən respublikanın müxtəlif bölgələrində arxeoloyi qazıntılar aparıb. Bu barədə “SİA“ya məlumat verən AEİ-nin elmi katibi Sevil Ağamalıyeva bildirib ki, qazıntılar dövrlər üzrə həyata keçirilib. Onun sözlərinə görə, paleolit dövrünə aid qazıntılar Ağstafa rayonunun Ceyrangöl ərazisində və Naxçıvan Muxtar Respublikasının Qazma mağarasında baş tutub. “Neolit dövrünə aid araşdırmalar Ağstafa rayonunda, Tovuz rayonunda Göytəpə və Mənkiştəpədə tarix elmləri namizədi Fərhad Quliyev tərəfindən aparılıb. Eneolit dövrünə aid arxeoloyi qazıntılar Cəlilabad rayonunda, Ağdam rayonunda eneolit dövrü Hidayət Cəfərov, erkən və son tunc dövrləri Goranboy rayonunda, Quba - Xaçmaz ekspedisiyasında Göyüş Musayev, tunc dövrü Naxçıvanın Ordubad rayonunda İsmayılzadə, Bakının Qala, Zirə kəndlərində İdris Əliyev, tunc dövrü Naxçıvanda Vəli Əliyev tərəfindən həyata keçirilib“, - deyə o əlavə edib. Son tunc dövrünə aid 3 ekspedisiyanın aparıldığını deyən S.Ağamalıyeva vurğulayıb ki, bunları Göygöl, Goranboy rayonlarında Bəxtiyar Cəbilov, Qazax rayonunda Şamil Nəcəfov, Naxçıvanda MR Şahtaxtı abidələrində Qəhrəman Ağayev aparıb. Onun sözlərinə görə, Tükəzban Göyüşova Gədəbəy rayonunda son tunc - erkən dəmir dövrünə aid araşdırmalar edib. Elmi katib qeyd edib ki, oktyabrın sonunadək davam edəcək arxeoloyi qazıntıların nəticələri hesabat şəklində hazırlanacaq: “Bu hesabatlar “Arxeoloyi qazıntılar - 2009“ adlı kitabda öz əksini tapacaq. Bu kitab noyabr - dekabr aylarında işıq üzü görəcək“.

rubrikasından digər xəbərlər