Aşqabadda Beynəlxalq CIET 2024 Konfransı keçiriləcək

11:18 16.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Aşqabad 3-5 noyabr tarixlərində keçiriləcək “Türkmənistan İnşaat, Sənaye və Enerji” adlı Beynəlxalq Konfrans və Sərgiyə (CIET 2024) hazırdır.

Haftaa.z-ın yazdığına görə, tədbir Türkmənistanın Tikinti və Memarlıq, Sənaye və Tikinti İstehsalatı nazirliklərinin, “Türkmənkimya” Dövlət Müəssisəsi, Avtomobil Yollarının Tikintisinin İdarə Edilməsi üzrə Dövlət Agentliyi və Türkmənistanın Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunacaq.

CIET 2024-ün məqsədi Türkmənistanın tikinti, sənaye və enerji sektorlarına xarici sərmayələri cəlb etmək, həmçinin regional dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığı gücləndirməkdir. Konfransda enerji resurslarının modernləşdirilməsi və şaxələndirilməsi, memarlıq və şəhərsalmada mövcud tendensiyalar, “ağıllı” Arkadağ şəhərinin potensialı, tikinti materiallarının istehsalı və infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) beynəlxalq qaz kəmərinin tikintisi və elektrik stansiyalarının modernləşdirilməsi kimi strateji layihələrə xüsusi diqqət yetiriləcək.

Konfrans çərçivəsində ekspertlərin tikinti, sənaye və enerji sektorlarında mövcud tendensiyaları qiymətləndirəcəkləri dəyirmi masa və seminarlar da keçiriləcək.

CIET 2024 xarici investorlara Türkmənistanda məhsuldar iş üçün geniş imkanlar təklif edəcək və ölkənin gələcək iqtisadi inkişafına töhfə verəcək.