Avqustda Rusiyanın taxıl ixracı rekord qırdı

10:15 08.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən böyük taxıl ixracatçıları arasında yer alan Rusiya avqust ayında rekord səviyyədə taxıl ixrac edib.

Hafta.az-ın RİA Novosti-yə istinadən yazdığına görə, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi avqustda 7,7 milyon ton ilə son 7 ilin ən böyük taxıl ixracını həyata keçirdiyini açıqlayıb.

Məlumata əsasən, Rusiyadan ən çox buğda alan ölkələr arasında ilk üçlükdə Misir, Türkiyə və Əlcəzair olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan Latın Amerikasına və Afrika ölkələrinə taxıl tədarükündə nəzərəçarpacaq artım müşahidə olunub. Avqustda Braziliyaya 253 min ton, Meksikaya 125 min ton, Venesuelaya 59 min ton, Peruya 55 min ton taxıl göndərilib.

Rusiya avqustda 6,5 ​​milyon ton buğda ixrac edib ki, bu da ötən mövsümlə müqayisədə 36,6 faiz çoxdur. Arpa ixracatı 7 faiz artımla 1 milyon tona çatıb. Qarğıdalı ixracatı isə 88 faiz artımla 212 min ton olaraq qeyd edilib.

Rusiya avqust ayında ixracda 28,5 faiz artımla avtomobil yolu ilə 2,24 milyon ton buğda ixrac etdiyi halda, Novorossiysk limanı vasitəsilə iri tonajlı gəmilərlə 90 faiz artımla 2,23 milyon ton, Rostov limanından 33 faiz artımla 1,09 milyon ton taxıl ixrac edib.