Bu günlərdə dünyanın diqqəti Albaniyanın paytaxtı Tirana şəhərinə yönəldi. Səbəb Prezident İlham Əliyevin də qatıldığı “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının keçirilməsi idi. Qeyd edək ki, builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər.
Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunub.
Qeyd edək ki, “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Azərbaycanın ictimai-siyasi həyatında “Avropa Siyasi Birliyi” ilə bağlı ən mühüm yaddaqalan məqam, təbii ki, 2022-ci ilin Praqa sammitidir. Tarixi qələbəmizdən sonra iki il ərzində aparılan sülh prosesində dönüş nöqtəsi məhz Praqa sammiti çərçivəsində Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı qoyulub. Praqa sammiti Azərbaycanın döyüş meydanındakı hərbi qələbəsinin nəticəsinin diplomatik və siyasi müstəvidə rəsmən təsdiqi idi. Xatırladaq ki, Praqada Prezident İlham Əliyev Fransa, Avropa İttifaqı və Ermənistanın Azərbaycana qarşı planını pozmaqla Emmanuel Makronla Paşinyanı ölkəmizin ərazi bütövlüyünü tanımağa və Alma-Ata deklarasiyasına istinad etməyə məcbur etdi. Təbii ki, Makron və Paşinyanın Azərbaycan ərazi bütövlüyünü tanıması öz xoşları ilə baş vermədi. Prezident İlham Əliyev çoxgedişli uğurlu kombinasiya quraraq onlara başqa çıxış yolu qoymadı.
Rəşad Bayramov, politoloq:
- Avropanın ölkəmizə münasibətinin dəyişməsi Azərbaycana olan ehtiyacın nəticəsidir. Emmanuel Makron belə Avropa İttifaqının Azərbaycana olan ehtiyacı fonunda təkləndi. Ölkəmizlə münasibətləri düzəltmək üçün edilən cəhdlərini görərək, Azərbaycan və Ermənistanın yekun sülhə nail olmaq üçün sülh səylərini dəstəkləmək məcburiyyətində qaldı. Avropanın enerji təhlükəsizliyində mühüm rollardan birini oynayan Azərbaycanın “Avropa Siyasi Birliyi” kimi platformalarda iştirakı mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz Cənub Qaz Dəhlizi kimi strateji layihələrdə mühüm rol oynayır və hazırda Avropanın 10 ölkəsinə qaz tədarük edir. Eləcə də ölkəmizin Qərb və Şərqin kəsişməsində yerləşməsi, strateji və geosiyasi əhəmiyyəti Avropanın Azərbaycanı xüsusi olaraq dəyərləndirməsinə imkan verir.
Dövlətimizin Cənubi Qafqazın lider ölkəsi olması, Qərb, İslam, Türk Dünyası ölkələri ilə qarşılıqlı faydalı münasibətlər quran dövlət olması müxtəlif platformalarda aparıcı mövqedən çıxış etməsinə imkan verir. Aparılan siyasət nəticəsində respublikamızın siyasi, iqtisadi potensialının artdığını, regionda söz sahibi olan dövlətə çevrilməsini beynəlxalq miqyasda hər kəs qəbul edir. Azərbaycana xoş münasibət bəsləməyən dairələr belə, ölkəmizi kifayət qədər açıq, geniş xarici, iqtisadi əlaqələr quran, beynəlxalq təşkilatlarda fəal iştirak edən mədəniyyətlərarası dialoqa töhfə verən ölkə olaraq qəbul edirlər və hesablaşırlar.
“Avropa Siyasi Birliyi”nin sammiti keçmişdə Azərbaycan-Avropa İttifaqı arasında olan sərin münasibətlərin istiləşdiyini göstərir. Azərbaycan özünün prinsipial mövqeyi ilə rəsmi Bakı ilə diqtə dili ilə yox, əməkdaşlığın dialoq və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanmalı olduğunu Avropa İttifaqına qəbul etdirdi. Fransanın timsalında bir sıra dövlətlərin və lobbi qrupların Ermənistanı regionda Avropa İttifaqının yeganə tərəfdaşı kimi təqdim etməsinə baxmayaraq, Bakı öz səyləri ilə bunun qarşısını aldı.
Elşad Mirbəşir, professor:
- Tiranada baş tutan görüş göstərdi ki, Avropanın Azərbaycana ehtiyacı var. Azərbaycan Prezidenti də görüşlər zamanı ölkəmizin əhəmiyyətini Avropa liderlərinə çatdırmaq imkanı əldə etdi. Avropa İttifaqı son bir neçə ildə Azərbaycana qarşı aşkar qərəzli münasibət sərgiləyirdi. Dəfələrlə Avropa Parlamentində Azərbaycana qarşı qərəzli müzakirələr təşkil olunaraq bədnam qətnamələr qəbul olunub. Məsələn, mart aytında Avropa Parlamentində separatçıların Azərbaycanda mühakiməsi ilə bağlı qərəzli müzakirələr keçirildi və bu mövzu hələ də gündəmdədir. Hətta çağırışlar edilirdi ki, Azərbaycanla bağlanan enerji memorandumu ləğv edilsin. Halbuki, bu əməkdaşlıq Avropa İttifaqına hava-su kimi lazımıdır. Rusiya ilə hazırkı münasibətlər fonunda Avropa enerji bazarında durğunluq yaşanır. Belə olduğu halda Azərbaycan Avropa İttifaqı üçün ən etibarlı təchizatçıdır. Bu da Avropa üçün həyati vacib əhəmiyyət kəsb edir. Yenə də bəzi Avropa rəsmiləri əks çıxış etməkdən çəkinmirdilər. Eləcə də AŞPA, Avropa İnsan Hüquqları strukturu və bir sıra institutlar Azərbaycana qarşı qərəzli mövqedən çıxış edirdilər. Azərbaycanın enerji sahəsindəki əməkdaşlıq xəritəsinə diqqət etsək, görərik ki, 10 Avropa ölkəsindən 8-i Avropa İttifaqının üzvüdür. Ona görə də Avropa İttifaqı ölkəmizlə əməkdaşlıq etməyə, hesablaşmağa məcburdur. Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa üstünlük verərək, bir sıra destruktiv addımlardan çəkinə bilər.
Məlumdur ki, Avropa İttifaqı mülki missiya adı ilə Ermənistana kəşfiyyat- diversiya işləri ilə məşğul olan qrup göndərib. Bu, regiona təhlükədən başqa heç nə vəd etmir. Bundan başqa Avropa Sülh Fondu Ermənistana 10 milyon civarında hərbi yardım etdi. Hesab edirəm, Prezidentin Tiranada “Avropa Siyasi Birliyi”nin sammitində iştirakı, keçirdiyi görüşlər Avropanın Azərbaycana qarşı addımlarının məhdudlaşdırmasını şərtləndirə bilər. Tirana sammitində yadda qalan məqamlardan biri də Makronun Azərbaycan Prezidentinə yaxınlaşması və onunla təmas qurması oldu. Görünür, Makron Azərbaycana qarşı yalnış mövqeyinin fərqindədir və mühiti yumşaltmağa çalışır. Bu da bir daha nümayiş etdirir ki, Avropanın aparıcı ölkələri Azərbaycanla əməkdaşlığın əhəmiyyətini dərk edirlər. Avropa özünün böhranlı zamanını yaşayır.
Bəhruz Quliyev, siyasi analitik:
- Azərbaycan iqtisadiyyatında baş verən inkişaf dinamikası, xarici siyasətində milli maraqlara söykənən iradə nümayişi Şərq və Qərbin maraq dairəsində qalmaqda davam edir. Avropanın ayrı-ayrı ölkələri, o cümlədən Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin formalaşması, Aİ-nin enerji təhlükəsizliyində Azərbaycanın yaxından iştirakı ölkəmizin nüfuzunu artırıb. Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Bütün bunlar sayəsində Avropa İttifaqı ölkələri uzunmüddətli və sabit mənbə kimi Azərbaycan qazına getdikcə daha çox maraq göstərirlər. Avropanın karbohidrogen ehtiyatlarına artan tələbatına cavab olaraq tərəflər 2027-ci ilə qədər Avropaya qaz tədarükünü ildə 20 milyard kubmetrə çatdırmaq barədə razılığa gəliblər. “Avropa Siyasi Birliyi”nin Albaniyanın paytaxtı Tiranada keçirilən VI zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ölkəmizin Avropa ölkələri ilə əlaqələrinin inkişafının növbəti sübutudur. İlham Əliyev qurumun zirvə görüşlərinə həmişə ali qonaq kimi dəvət edilir. Bu, Prezidentimizin nüfuzu, siyasi iradəsi, etibarlı tərəfdaşlıq ənənəsini davam etdirməsindən qaynaqlanır. “Avropa Siyasi Birliyi” Avropa İttifaqının ən mühüm platformalarından biridir. Azərbaycanın beynəlxalq miqyasda regional gücə çevrilməsi, Cənubi Qafqazın ən güclü dövləti olması Avropanın və qlobal Qərbin diqqətindən yayınmır və onları Xəzər regionunun nüfuzlu gücü ilə razılaşmaq, hesablaşmaq məcburiyyətində buraxır. Qərbin bir sıra mərkəzlərində, ölkələrində Azərbaycana qarşı aparılan çirkin kampaniyanın dəf edilməsində Tirana səfəri çox önəmli rol oynadı, imkanlar yaratdı. Bu dəvət onu göstərdi ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərin normallaşmasında maraqlıdır, rəsmi Bakının da mövqeyini eşitmək istəyir. Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Böyük Britaniya, Çexiya, Slovakiya, Albaniya, Macarıstan hökumət başçıları Azərbaycan Prezidenti ilə görüşmək istəyini bildirdilər. Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri də ölkəmizin Avropa ilə münasibətlərində yeni mərhələnin başlandığından xəbər verir.