Avropa ölkələri borc bataqlığında

10:40 23.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyasının onsuz da zəiflətdiyi Avropa iqtisadiyyatı, Rusiyanın Ukraynaya hücumlarından sonra bir az da geriləyib.

Hafta.az-ın yazdığına görə, hazırda Avro bölgəsində ölkələrin daxili ictimai borcuümumilikdə 95,6 faizə yüksəlib. Siyahıya Yunanıstan liderlik edir. Bu ölkənin borcu 193,3 faizə qalxaraq az qala ümumdaxili məhsul istehsalının iki qatını təşkil edir. Yunanıstandan sonra, siyahıda ikinci yerdə İtaliya qərarlaşıb. Bu ölkənin ictimai borcu ÜDM-in 150,8 faizinə bərabərdir. Sonrakı yerləri Portuqaliya 127,4 faiz, İspaniya 118,4 faiz, Fransa 112,9 faiz, Belçika 108,2 faiz və Yunan Kipri tutur - 103,6 faiz.

Avropada ən az ictimai borcu yaranmış ölkə Estoniyadır - 18,1 faiz. Estoniyadan sonra ən az borcu yığılan ölkələr Lüksemburq 24,4 faiz və Bolqarıstandır - 25,1 faiz

Bu arada, Avropa İttifaqının qaydalarına əsasən, üzv ölkələrində ictimai borcun ÜDM-in 60 faizini keçməsi yasaqdır. Bu isə İttifaq ölkələrində vəziyyətin çox ağırlaşdığını göstərir.

Qeyd edək ki, özünü Avropa qitəsinin bir parçası görən qardaş Türkiyədə vəziyyət digər Avropa subyektlərində olduğundan qat-qat yaxşıdır. Türkiyədə ictimai borc ÜDM-in cəmi 42 faizini təşkil edir. 

Xatırladaq ki, ictimai borc ABŞ-da 137,2 faiz səviyyəsində tərəddüd edir. Çində bu rəqəm 54,4 faiz, hazırda başı istilaya qarışan Rusiyada 19,5 faizdir. 

Dünyada ən çox ictimai borcu yığılan ölkə isə Yaponiyadır - 234 faiz.