Avropanın tanımadığı COVID-19 peyvəndləri...

13:16 03.06.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Çin və Rusiya peyvəndlərini vurduranlar «Köhnə Qitə»yə gedə bilərmi? 

COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində istehsal olunan vaksinlərin ayrı-ayrı ölkələrdə tanınıb-tanınmaması məsələsində çəkişmələr davam edir. Azərbaycanda da əhaliyə tətbiq edilən Çinin SinoVac şirkətinin istehsal etdiyi CoronaVac peyvəndi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yenicə tanınıb. Ölkəmizdə tətbiq edilən Rusiya istehsalı «Sputnik-V» peyvəndi isə hələ də Avropanın bir çox ölkələrində tanınmır. Bu amili CoronaVac peyvəndinə də şamil etmək mümkündür.

Vəziyyət belə davam edəcəyi təqdirdə sözü gedən vaksinləri etdirən vətəndaşların Avropaya girişi mümkün olmayacaq. Bəs görəsən məsələnin həlli ilə bağlı hansı addımlar atılmalıdır? Hər 6 aydan bir yenilənməli olan COVID pasportu üçün bir müddət sonra peyvəndin üçüncü dozasına da ehtyac yaranacaqmı?

Hafta.az-ın əməkdaşı mövzunun müzakirəsini mütəxəssislər ilə apardı.

Tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla deyir ki, Avropa Birliyinin tanıdığı peyvəndlər bütün dünya əhalisinə yetəcək qədər olmadığından digər vaksinlərdən istifadə etmək vacibdir. Həmçinin professorun sözlərinə görə, gələcəkdə peyvəndin üçüncü dozasına da ehtiyac yarana bilər:

“Bu gün tanınan vaksinlər –“Pfizer”, “BioNTech”, “Moderna”, “AstraZeneca və “Johnson & Johnson”dur.  Bu peyvəndlər bütün dünya əhalisinə çatacaq qədər yetərli deyil. Bunlardan başqa “Sputnik V”, “Coronavac”, Qazaxıstanın hazırladığı “QazVac” kimi çoxsaylı vaksinlər də var. Hesab edirəm ki, sadalanan peyvəndlərin hər birindən istifadə edilməlidir ki, dünya əhalisi mümkün qədər tez vaksinasiya olunsun. O ki qaldı, sözügedən preparatların Ümmumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunub-olunmamasına, bu, tamam başqa bir məsələdir. Yəqin ki, bununla bağlı ortaq məxrəcə gəlinəcək. Vaksin olunanlarda antikor testi aparmaqla onların nə qədərində immunitetin yarandığını aydınlaşdırmaq olur. Bu da gələcəkdə yarana biləcək problemlərin qarşısını alacaq. COVID pasportqnun 6 aydan bir yenilənməsinə səbəb də elə antikor testinin aparılmasıdır. Əgər orqanizmdə lazımi immunitet  olmazsa, fikrimcə, yenidən peyvənd vurdurmağa zərurət yaranacaq”.

Hüquqşünas Emil Aslanlı isə turizm mövsümü yaxınlaşdıqca məsələnin bir qədər də qabaracağını düşünür, həll yolunu isə Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətində görür:

“Azərbaycan Respublikasında əsas istifadə olunan vaksinlərdən biri “CoronaVac” peyvəndidir ki, bu da Avropa Birliyi ölkələrində tanınmır. Birlik bəyanat yayıb ki, yalnız Avropada Dərman Agentliyi tərəfindən təsdiqlənən peyvəndlər vurulan şəxslər ora gedə biləcəklər. Çin vaksini isə həmin peyvəndlər sırasında deyil. Təbii ki, bu səbəbdən Avropaya gedə bilməyən vətəndaşların hüquqları pozulmuş olur. Hər bir şəxsin sərbəst gəzmək və istirahət etmək hüququ vardır. Fikrimcə, Ümumdünya Səhiyyə Təşkilatı məsələyə diqqətlə yanaşmalı və lazımi addımları atmalıdır. Mən məsələnin həllini ancaq bu yolla görürəm”.

Qeyd edək ki, xarici mətbuatda yayılan xəbərə görə, Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gələnlər üçün lazımi peyvəndlərin siyahısında Çin istehsalı olan CoronaVac-ın adı qeyd olunmayıb. Belə ki, siyahıda yalnız “Pfizer”, “Oxford”, “Moderna”, “Johnson & Johnson” peyvəndləri yer alır.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, hələ Həcc ziyarətinə qəbul başlamadığından, dəqiq məlumat verə bilməyəcəklər.