Avstriya, Litva və Rumıniyanın XİN başçıları Bakıya səfər edəcəklər

15:20 23.06.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa Komissiyasının Ali Nümayəndəsi və vitse prezidenti Jozep Borrel Fontellesdən səlahiyyət almış Avstriyanın Avropa və Beynəlxalq Əlaqələr üzrə Naziri Aleksandr Şallenberq, Litvanın Xarici İşlər Naziri Qabrielius Landsbergis və Rumıniyanın Xarici İşlər Naziri Boqdan Auresku 25 - 26 iyun tarixlərində Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcəklər.

Hafta.az-ın yazdığına görə, ali nümayəndə adından həyata keçirilən səfər Avropa İttifaqının bu ölkələrlə ikitərəfli münasibətlərinə, Cənubi Qafqaz bölgəsinə və Aİ-nin Şərq Tərəfdaşlığı mexanizminə verdiyi əhəmiyyəti vurğulayacaq. Səfər o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində mövcud olan imkanlar vasitəsilə Aİ-nin həm Cənubi Qafqaz ölkələri ilə, həm də onlar arasında daha geniş əməkdaşlığı dəstəkləməyə hazır olduğunu göstərir. Bu yaxınlarda Aİ Xarici İşlər Nazirləri arasında keçirilmiş qeyri-rəsmi Xarici İşlər Şurasında (Gümnix) İttifaqın Şərq qonşuluğundakı münaqişələrə dair aparılmış müzakirələrin ardından, səfər, Aİ-nin münaqişələrin həlli istiqamətində davamlı və hərtərəfli səyləri təşviq etmək və onları fəal şəkildə dəstəkləmək əzmini göstərəcək.

Nazirlər Bakıda Prezident İlham Əliyevlə, İrəvanda prezident Armen Sarkissyan və Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, Tbilisidə isə Baş Nazir İrakli Qaribaşvili ilə görüşəcəklər. Səfər eləcə də 2021-ci ilin dekabrında keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı sammitinə hazırlıq çərçivəsində Aİ-nin üç ölkəni dəstəklədiyi mesajını çatdıracaq.

Nazirlər, səfərin sonunda - 26 iyun tarixində yerli vaxtla saat 15:00 (CEST saat 13:00) Tblisidəki Aİ Nümayəndəliyində mətbuat konfransı keçirəcəklər (CEST).

Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Aİ-nın xüsusi nümayəndəsi Toyvo Klaar nazirləri səfər zamanı müşayiət edəcək. Nazirlər iyulda keçiriləcək Aİ Xarici İşlər Şurasında səfər barədə məlumat verəcəklər.

Səfərin foto-video materialları müvafiq olaraq Avropa İttifaqının Ermənistan, Azərbaycan və Gürcüstandakı Nümayəndəlikləri tərəfindən təmin ediləcək.