“Azad edilmiş bütün ərazilərin elektrik enerjisi təchizatını tam bərpa etmişik” - Prezident

14:42 05.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azad edilmiş ərazilərə keçmiş qaçqın və məcbur köçkünlərin mümkün qədər tez qaytarılması üçün bütün potensial cəmləşdirilib və səfərbər edilib.

Hafta.az  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

“Biz indi Ağdama və digər azad edilmiş ərazilərə keçmiş qaçqın və məcbur köçkünləri mümkün qədər tez qaytarmaq üçün bütün potensialımızı cəmləşdirmişik və səfərbər etmişik. Genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Siz 8 ay ərzində inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanını görmüsünüz. Bu ay biz Zəngilan Beynəlxalq Hava Limanının açılışını etməyi planlaşdırırıq və 2025-ci ildə Laçın Beynəlxalq Hava Limanının açılışı planlaşdırılır. Bərdədən Ağdama dəmiryolu gələn il istismara veriləcək və mən dünən yeni dəmiryolu stansiyasının bünövrəsini qoydum. Hazırda min kilometrlərlə magistral yollar və min kilometrlərlə kənd yolları inşa edilir”.

Dövlət başçısı qeyd edib ki, bunlar hazırda Azərbaycanın etdiklərinin yalnız bir hissəsidir: “Biz azad edilmiş bütün ərazilərin elektrik enerjisi təchizatını tam bərpa etmişik və ümid edirəm ki, tezliklə biz Cəbrayılda 230 meqavat gücündə günəş enerjisi stansiyasının tikintisinə başlayacağıq. Ümumilikdə, biz azad edilmiş ərazilərdə alternativ enerjinin potensialını qiymətləndirmişik və ilkin təhlillər bunun təxminən 10 min meqavat olduğunu göstərir. Biz artıq bir neçə SES-in açılışını etmişik. Bütün SES-lərin ümumi gücü 500 meqavatdan çox olacaq”.

Oxunma sayı 1414
Siyasət rubrikasından digər xəbərlər