“Azərbaycan Prezidenti İlham Əliyevin 9 May – Qələbə Günü münasibətilə Moskvada keçirilən ənənəvi hərbi paradda şəxsən iştirak etməməsi, lakin Azərbaycan Ordusunun parad heyətinin tədbirdə yer alması olduqca incə və strateji bir diplomatik addım idi. Bu yanaşma, həm ölkəmizin prosesdən tamamilə kənarda qalmadığını göstərdi, həm də Bakıdan Moskvaya güclü bir siyasi siqnalın göndərilməsinə şərait yaratdı”.
Bunu hafta.az-a siyasi analitik Azər Hüseynov Azərbaycan Prezidentinin 9 may paradında iştirak etməməsi səbəbini şərh edərkən bildirib.
A.Hüseynov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin paradda təmsil olunması, ölkəmizin İkinci Dünya Müharibəsindəki tarixi roluna hörmətinin davamı idi.
“Azərbaycan bu qələbədə milyonlarla vətəndaşının töhfəsini heç zaman unutmayıb və bu gün də həmin tarixi yaddaşın daşıyıcısıdır. Ordumuzun Moskvada, Rusiya paytaxtının mərkəzində addımlaması həm də zəfər simvolumuz olan Azərbaycan əsgərinin gücünün nümayişi, bölgədəki yeni status-kvonun bir növ təsdiqi idi. Bu, eyni zamanda Ermənistanın əsas müttəfiqi olan Rusiyaya da bir mesaj idi – Azərbaycan artıq regional gücdür və onunla hesablaşmaq zəruridir. Təyyarə istintaqının da obyektiv bir şəkildə bitirib Azərbaycana təzminat ödəməlidir. Bu, verilən incə bir mesajdır”-deyə A.Hüseynov deyib.