Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələri genişləndirmək üçün ciddi potensial var - Ekspert

12:55 22.06.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Özbəkistan Azərbaycanla sərhəddə yerləşməsə də, Xəzərin şərq sahilində 120-150 kilometrlik məsafədə olan bir ölkədir ki, potensialı da kifayət qədər genişdir. Təsəvvur edin ki, 2021-ci ildə bu ölkənin ticarət dövriyyəsi 42 milyard dollar olub. Azərbaycanın ticarət dövriyyəsi 35,5 milyard dollar təşkil edib. Ümumilikdə, ticarət dövriyyələri cəmi təxminən 77 milyard dollardan daha yuxarı olub. Amma bunun qarşılığında iki ölkə arasında olan ticari dövriyyənin həcminə baxsaq, 2021-ci ildə bu həcm təxminən 112 milyon dollar olub. Bu isə Azərbaycanın ticarət dövriyyəsində cəmi 0,3 faizi əhatə edir”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycan və Özbəkistan arasındakı iqtisadi ələqələri şərh edərkən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

Ekspert onu da vurğulayıb ki, Azərbaycan Özbəkistandan hər il təxminən 5 milyon dollarlıq müxtəlif cihazlar, eyni zamanda, 700 min dollarlıq məişət avadanlıqları alır:

“Əvəzində isə Azərbaycan tərəfindən Özbəkistana digər məhsullar ixrac olunur. İdxal etdiyimiz məhsullar arasında həm kənd təsərrüfatı, həm də sənaye məhsulları var. Amma ixracatımızda isə şəkər məhsulları, neft-kimya məhsullarından alınan etilen polimerləri, sürtgü yağları daha çox üstünlük təşkil edir.

Lakin bütün bunlar çeşid baxımından çox olsa da, dəyər baxımından aşağıdır. Yəni, ümumi dövriyyədə kiçik bir payı, qeyd etdiyim kimi cəmi 0,3 faizi əhatə edir. Amma Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədovun və onların ardından isə ölkə rəhbərinin, cənab Prezidentin Özbəkistana ən yüksək səviyyədə səfər etməsi, orada görüşlər keçirməsi məhz iki ölkə arasında mövcud iqtisadi potensialın daha yüksək səviyyələrə qaldırılmasını özündə ehtiva edir.

Nəzərə alsaq ki, Zəngəzur dəhlizi artıq reallaşmaq üzrədir. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Eyni zamanda, Ələt Azad İqtisadi Zonası fəaliyyətə başlayır. Bu potensial istər Avropanın Orta Asiyaya çıxışında, istərsə də Orta Asiyanın Azərbaycan üzərindən Avropaya çıxışına əlavə imkanlar yaradır. Və Azərbaycan da tranzit ölkə kimi Özbəkistana həm maddi, həm mənəvi, strateji cəhətdən öz dəstəyini göstərə bilir. Təbii olaraq burada da, Azərbaycanın öz qazancları vardır. Bu xeyir həm maddi dəyər, həm də strateji nüfuz baxımından qazanclı bir situasiyadır”.