Söz və məlumat azadlığının təmin olunması, plüralizmin inkişaf etdirilməsi demokratik cəmiyyətlərin əsas göstəricilərindən sayılır. Başqa sözlə, məhz bu prinsiplər xalqların hərtərəfli inkişafını, cəmiyyətlərin formalaşmasını təmin edir. Azərbaycan da söz və mətbuat azadlığının qorunduğu ölkələrdən biridir. İnsanların azad mühitdə yaşaması, fəaliyyəti, öz fikirlərini sərbəst ifadə etməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb.
Qeyd edək ki, Azərbaycan xalqının fikir, söz, məlumat azadlığı uğrunda mübarizəsi heç də asan olmayıb. Bu mübarizənin dərin tarixi vardır. Azərbaycan həqiqətlərinin işıqlandırılması, xalqın maarifləndirilməsi kimi müqəddəs missiyanın yerinə yetirməsi çarizmin ideoloji-siyasi təsiri altında mümkünsüz idi. Məhz bu səbəbdən də Azərbaycanın o dövrdə yaşamış ziyalıları, görkəmli şəxsiyyətləri milli mətbuatın yaradılması üçün uzun illər mübarizə aparmalı oldular. Bu mübarizənin də məntiqi nəticəsi olaraq, görkəmli ədib Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə 1875-ci il iyulun 22-də Azərbaycanın ilk mətbu orqanı - "Əkinçi" qəzeti nəşr olunmağa başladı. Təbii ki, o dövr üçün bu nəşrin işıq üzü görməsi sıradan bir hadisə deyildi. Məhz "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Lakin, təəssüflə qeyd etmək lazımdır ki, "Əkinçi" qəzeti işıq üzü görsə də belə çarizm ideologiyası həmin dövrdə insanların fikir və söz azadlığına imkan vermirdi. Əkinçi qəzetinin nəşrindən bir neçə onilliklər sonra Azərbaycanda Xalq Cumhuriyyəti hakimiyyətinin qurulması ölkədə fikir, söz, mətbuat azadlığı üçün münbit şərait yarada bildi. Lakin, bu hakimiyyətin, bu müstəqilliyin də ömrü uzun olmadı və cəmi 23 ay çəkən bu azadlığın ardınca Azərbaycan mətbuatı bu dəfə sovet ideologiyasının təsirlərinə məruz qalmalı oldu. Milli mətbuatımız 70 il sürən Sovetlər birliyi dönəmində sovet ideologiyasını təbliğ etməyə məcbur edildi.
Lakin, 1969-cu ilin 14 iyulunda Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra digər sahələrdə olduğu kimi, mətbuatın inkişafında da əsaslı dönüş yarandı.
Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə müstəqil mətbuat yeni inkişaf dövrünə qədəm qoydu, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirildi. Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk növbədə bu istiqamətdə qanunvericilik bazasının formalaşdırılmasına çalışdı və ciddi addımlar atdı. Müstəqillik qazanan Azərbaycanda xaos, özbaşınalıq hökm sürdüyü halda Azərbaycanı qısa müddətdə müstəqilliyini itirməkdən qurtaran Heydər Əliyev ölkənin inkişafı ilə yanaşı, müstəqil fikir, söz azadlığı, insan hüquqlarının qorunması istiqamətində də ardıcıl addımlar atdı və bu addımlar tez bir zamanda bəhrəsini verdi. Ulu öndərin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin, 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkədə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaratdı. 2000-ci ildə isə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoydu. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Qanunun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" qanunlarının qəbul edilməsi də kütləvi informasiya vasitələrini cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevirdi. Dövlət başçısının 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynadı. Ümummilli liderin söz və mətbuat azadlığının təmin olunması istiqamətində atdığı ən mühüm və tarixi addım senzuranın ləğv edilməsi ilə bağlı oldu. Senzuranın ləğvi Azərbaycanda söz azadlığına möhtəşəm təkan verdi. Müstəqil media orqanlarının təsis edilməsinə törədilən əngəllərin aradan qaldırılması bu sahədə əməlli-başlı dirçəlişə səbəb oldu. Nəticədə Azərbaycanda söz və mətbuat azadlığı hər gün sürətlə inkişaf etdi.
Vaxtilə Heydər Əliyev tərəfindən əsası qoyulan söz azadlığı, mətbuat azadlığının qorunması siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmizdə azad mətbuatın inkişafına dövlət qayğısı olduqca yüksək səviyyədədir. Dövlət başçısının mediaya göstərdiyi qayğı bu yüksəlişin əsasını təşkil edir. Milli mətbuatın yaranmasının 130 və 135 illik yubileylərində Prezident İlham Əliyevin jurnalistləri fəxri adlara layiq görməsi, sonrakı dövrdə, demək olar ki, hər il qəzetlərə birdəfəlik yardımların ayrılması azad sözün qorunması, inkişaf etməsi, ümumən, Azərbaycanda mətbuatın inkişafına, peşəkarlığın yüksəldilməsinə öz töhfəsini verib. Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərmanı isə bu sahədə yeni mərhələnin başlanğıcı hesab olunur. Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Yeni dövr həm də milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi zərurətini yaratdığından “Media haqqında” qanun layihəsi hazırlanaraq qəbul olunub. MEDİA agentliyinin yaradılması, eyni zamanda, “Media haqqında” yeni Qanunun qəbul edilməsi ölkəmizdə media sahəsində islahatların daha sürətlə və mütəşəkkil qaydada aparılmasına imkan verir. Artıq bu sahədə bir sıra istiqamətlərdə əməli işlərə başlanılıb.
Məsələn, bu yaxınlarda Media Reyestri fəaliyyətə başlayıb.Media Reyestrində media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatlar inteqrasiya, digər məlumatlar isə istifadəçi tərəfindən daxil edilməklə sistemləşdiriləcək. Bu, jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər haqqında məlumatların vahid bazada toplanması deməkdir. Bununla belə, bu proses məcburi deyil. Media subyektləri mütləq şəkildə, jurnalistlər isə Media Reyestrinə könüllülük prinsipi əsasında daxil ediləcək. Media Reyestrinə daxil edilmiş jurnalistlərə vəsiqələr təqdim olunacaq. Reyestrə daxil edilmiş jurnalistlərə jurnalist vəsiqəsinin təqdim olunması media mühitinin sağlamlaşması baxımından çox müsbət və vacib addımdır. Bu, media mühitinin təsadüfi “jurnalistlərdən” təmizlənməsinə də yardım edəcək. Diqqət yetirməli məqamlardan biri budur ki, mətbuat orqanları işçisi olan jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqil olacaq, media qurumları ənənəvi qaydada işçilərinə redaksiyanın vəsiqəsini verə biləcək. Media Reyestrinin aparılması müəyyən məsələlərinin həllini tapmasında mühüm rol oynayacaq. Media Reyestri media subyektlərinin və media sahəsində işləyən şəxslərin fəaliyyətinin, eyni zamanda, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasına şərait yaradacaq. Reyestr medianın inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılmasına imkan verəcək. Digər mühüm amil mətbuat orqanlarının və jurnalistlərin hüquqları ilə bağlıdır. Media Reyestrinin aparılması media subyektlərinin və jurnalistlərin hüquqlarını daha yüksək səviyyədə müdafiəsini təmin edəcək. Reyestrə düşmüş media orqanı və jurnalist artıq hüquqlarının qorunması üçün mühüm istinad nöqtəsinə malik olacaq.
Media nümayəndələrini maraqlandıran əsas məsələlərdən biri güzəşt və imtiyazlardır. Uzun illərdir, mətbuat işçilərinə müxtəlif sahələr üzrə güzəşt və imtiyazların verilməsinin mümkünlüyü ətrafında təkliflər səslənir, müzakirələr aparılır. Lakin bu məsələdə ən ciddi problem kimin həqiqi jurnalist sayılması idi. Media Reyestri bu mübahisələrə də son qoymuş olacaq. Məhz Media Reyestrinə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana biləcəklər.