Azərbaycanın aşıq sənəti Gürcüstan səhnəsində -FOTO

15:10 23.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aşıq Nargilə Mehdiyeva Gürcüstanın İctimai Televiziyasında yayımlanan və geniş izləyici auditoriyasına sahib "Xalq Mahnısı" musiqi layihəsində çıxışı ilə yadda qalıb. O, aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin məşhur "Düşdü" misralarına bəstələnmiş "Səməndəri" havasını ustalıqla ifa edib. Soydaşımızın ifası münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və tamaşaçıların geniş rəğbətini qazanıb.

Hafta.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Nargilə Mehdiyevanın çıxışı Diasporla İş üzrə Dövlət Komitəsinin Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycan həqiqətlərinin və mədəni irsinin Gürcüstanda təbliği” layihəsi çərçivəsində təşkil olunub.

Layihə Azərbaycanın zəngin folklorunun və aşıq sənətinin qonşu ölkədə tanıdılması və yerli ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs Azərbaycan ilə Gürcüstan arasında mövcud mədəni əlaqələrin möhkəmlənməsinə və regionda ortaq dəyərlərin paylaşılmasına töhfə verir.