Azərbaycanda qanunvericiliyə əsasən baş planlar təsdiq edilməzdən əvvəl yerli səviyyədə ictimai müzakirəyə çıxarılır və bununla da planlaşdırma prosesində icmaların iştirakı təmin edilir.
Hafta.az xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT Baş Assambleyasının Yüksəksəviyyəli İslası çərçivəsində keçirilən 1-ci çoxtərəfli tərəfdaşlar panelində çıxışı zamanı səsləndirib.
Komitə sədri bildirib ki, vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilən şəhərsalma təşəbbüslərinə ayrılan qrant dəstəyi ictimai iştirakçılığı real fəaliyyətə çevirir və inklüziv şəhərlərin formalaşdırılması naminə tərəfdaşlığı gücləndirir.
"Beləliklə, 11-ci Dayanıqlı İnkişaf Məqsədi, WUF13 və Yeni Şəhər Gündəliyinin ortamüddətli icmalından irəli gələn əsas mesaj eynidir: mənzil siyasəti kompleks yanaşmaya əsaslanmalı, icra prosesi inklüziv olmalı, bərpa və inkişaf tədbirləri isə başlanğıc mərhələdən etibarən uzunmüddətli perspektiv nəzərə alınmaqla planlaşdırılmalıdır”, – deyə Anar Quliyev vurğulayıb.