Azərbaycanla Fransa arasında mövcud əlaqələr - Rəy

15:52 16.02.2026
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar Cənubi Qafqazda ümumi siyasi mənzərəyə, o cümlədən Fransanın region siyasətinə də təsirsiz ötüşməyib. Ötən il Fransa Prezidenti Emmanuel Makron ilə Azərbaycan Prezidenti arasında keçirilən görüşlər münasibətlərin yenidən dialoq mərhələsinə keçməsi baxımından əhəmiyyətli olub. Tərəflər müəyyən məsələlər üzrə təmasların davam etdirilməsi və münasibətlərin tədricən normallaşdırılması istiqamətində razılıq əldə ediblər.”

Bu barədə Hafta.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə Azərbaycan-Fransa mövcud əlaqələri ilə bağlı danışıb.

M.Əsədullazadə qeyd edib ki, Azərbaycanla Fransa arasında münasibətlər, xüsusilə İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı mərhələdə ciddi gərginliklə müşayiət olunurdu:

"Həmin dövrdə Fransanın müxtəlif siyasi platformalarda - prezident, Senat və Milli Assambleya səviyyəsində - Azərbaycana qarşı tənqidi, bəzən isə açıq şəkildə anti-Azərbaycan mövqedən çıxış etdiyi müşahidə edilirdi. Fransanın Azərbaycana qarşı iqtisadi sanksiyaların tətbiqi istiqamətində təşəbbüslər göstərməsi, eləcə də Avropa Parlamenti çərçivəsində qəbul edilən bəzi qətnamələrin arxasında Fransanın dayanması ilə bağlı iddialar səsləndirilirdi. Bu kontekstdə Fransadakı erməni diasporunun və lobbi qruplarının fəaliyyəti də geniş müzakirə olunurdu. Belə qənaət formalaşmışdı ki, rəsmi Paris müəyyən hallarda daxili siyasi təsirlər və lobbi faktorunun təsiri altında qərarlar qəbul edir".

Siyasi ekspert əlavə edib ki, Azərbaycan tərəfi dəfələrlə münasibətlərin inkişafında maraqlı olduğunu bəyan edib və problemli məqamların əsasən Parisdən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, rəsmi Bakının mövqeyinə əsasən, Fransa uzun müddət regionda balanslı siyasət yürütmək əvəzinə müəyyən mövqeləri dəstəkləməklə Cənubi Qafqazda gərginliyin davam etməsinə dolayısı ilə şərait yaradıb. Lakin hazırkı mərhələdə proseslərin dinamikası dəyişməkdədir:

“Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların aparılması, ikitərəfli təmasların genişlənməsi və sülh gündəliyinin irəliləməsi Fransanı regiondakı yeni reallıqlarla hesablaşmağa vadar edib. Eyni zamanda, Fransanın Mərkəzi Asiya ilə əlaqələri genişləndirmək niyyəti və regional layihələrə marağı Azərbaycanın geosiyasi və nəqliyyat baxımından artan rolunu daha da önə çıxarır. Fransa Senatında hələ də Azərbaycana qarşı sərt mövqedə olan qüvvələr mövcud olsa da, prezident səviyyəsində münasibətlərdə daha praqmatik yanaşmanın gücləndiyi müşahidə olunur. Bu da Fransa-Azərbaycan əlaqələrinin tədricən normallaşma mərhələsinə daxil olduğunu göstərir. Beləliklə, mövcud proseslər onu deməyə əsas verir ki, tərəflər qarşılıqlı maraqlar və regional reallıqlar çərçivəsində münasibətləri daha konstruktiv məcraya yönəltmək istiqamətində addımlar atırlar,” - deyə M.Əsədullazadə bildirib.

Tahirə Qafarlı