Yəməndəki İran tərəfindən dəstəklənən husi üsyançıları Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus iki neft tankerini dron və raketlərlə hədəf aldıqlarını bəyan ediblər.
Hafta.az xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Səri video müraciətində Səudiyyə Ərəbistanına aid "ENCELIA" və "LAYLA" adlı neft tankerlərinə hücum edildiyini bildirib.
Səri sözügedən gəmilərin təyin olunmuş tranzit qadağasını pozduqları üçün hədəf alındığını vurğulayıb:
"Əməliyyat çoxsaylı ballistik və qanadlı raketlər, eləcə də PUA-larla həyata keçirilib və gəmilərə birbaşa zərbələr endirilib".
Bölgədəki hərbi fəaliyyətlərin təfərrüatlarını bölüşməyə davam edən Səri Yəmən husilərin analoji tədbirlər çərçivəsində 10-a yaxın gəmini geri çəkilməyə və marşrutunu dəyişməyə məcbur etdiyini qeyd edib.
Husilərin hərbi sözçüsü Səudiyyə Ərəbistanı hökumətinə də birbaşa xəbərdarlıq edib:
"Yəmən Silahlı Qüvvələri olaraq düşmənimiz Səudiyyə Ərəbistanının nəzərinə çatdırırıq ki, ölkəmizi hədəf alacaq hər hansı bir addım və ya hücum onun ərazisinin dərinliklərində genişmiqyaslı cavab əməliyyatları ilə qarşılanacaq".