Bakıda “AVRO-2020” həyəcanı

11:10 15.06.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün öncə “AVRO-2020”nin qrup mərhələsinin oyunlarına start verilib. Paytaxt Bakının da ev sahibliyi etdiyi oyunların keçirildiyi bu ərəfədə şəhərdə əsl futbol ab-havası hiss edilir. Bakı tarixində ilk dəfə qitə çempiontının birinci görüşünü 2 gün öncə qəbul etdi. Şənbə günü Bakı Olimpiya Stadionunda keçirilmiş oyun 1:1 (0:0) hesabı ilə başa çatıb. İsveçrəlilər 49-cu dəqiqədə Brel Embolonun vurduğu qoldan sonra irəli çıxıblar. Uelslilər isə 74-cü dəqiqədə Kiffer Murun vurduğu qoldan sonra bərabərliyi bərpa ediblər.  Növbəti günlərdə isə bizi Türkiyə-Uels (16 iyun) və İsveçrə-Türkiyə (20 iyun) millilərinin ifasında əsl futbol ziyafəti gözləyir. İyulun 3-də paytaxtımız “AVRO-2020-nin 1/4 final oyununa ev sahibliyi edəcək.

Müharibədən qısa müddət ötməsinə baxmayaraq, belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi mütəxəssislər və azarkeşlər tərəfindən çox yüksək qiymətləndirilir. Bəs görəsən, “AVRO-2020”nin 4 oyununun  Bakıda keçirilməsi Azərbaycan futboluna nə verəcək? Həmçinin növbəti günlərdə baş tutacaq qardaş ölkə Türkiyə millisinin oyunlarından mütəxəssislərin gözləntiləri nələrdir? Biz özümüz nə vaxt Avropa və dünya çempionatı kimi nüfuzlu futbol yarışlarında iştirak edə biləcəyik? Axı bu həm də milyonlarla yerli futbolsevərin uzun illərdən bəri arzusudur. Bu sualların cavabını mütəxəssislərlə axtardıq.

Həmsöhbətimiz “Səbail” futbol klubunun baş məşqçisi Aftandil Hacıyev oldu. O söylədi ki, “AVRO-2020”nin oyunlarının Bakıda keçirilməsi böyük bir hadisədir. Futbol adına bu cür turnirlərə ölkəmizin ev sahibliyi etməsi ümumilikdə idmanın inkişafı deməkdir:

“Düşünürəm ki, futbolumuzun dünyada  populyarlaşması  “AVRO-2020” vasitəsilə sürətlənəcək. Beləliklə, gələcəkdə 3-4 oyun deyil, hətta Avropa və dünya çempionatlarının finallarını ölkəmizdə izləmək şanslarımız artır. Necə ki, Avroliqa finalını izlədik. Biz gələcəkdə seçmə mərhələnin bəzi oyunlarının Bakıda keçirilməsinin müsbət halları ilə qarşılaşacağıq”.

Türkiyə millisinin oyunlarına gəldikdə isə baş məşqçi hesab edir ki, onlar üçün görüşün ölkəmizdə keçirilməsi ev oyunu avantajı kimi nəzərə alına bilər:

“Türkiyə və  Azərbaycanın dostluq-qardaşlıq münasibətləri hər kəsə bəllidir. Biz  qardaş ölkələr kimi, “İki dövlət bir millət” şüarı ilə inkişaf etmişik. Fikrimcə,  Türkiyə millisinin oyunlarında xalqımızdan böyük dəstək olacaq. İnanıram ki, qrup mərhələsini adlayan iki klubdan biri qardaş ölkə millisi olacaq. Növbəti oyunlarda Türkiyə təmsilçilərinə uğurlar arzulayıram”.

Baş məşqçi sonda onu da qeyd etdi ki, Azərbaycan millisinin belə turnirlərdə iştirak etmək üçün hələ yetərincə təcrübəsi yoxdur:

“Buna baxmayaraq, millimizin belə mötəbər yarışlarda iştirak edəcəyinə olan ümidlərimiz hər il artmaqdadır”.

Qeyd edək ki, “AVRO-2020”nin seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda baş tutacaq Türkiyə - Uels matçına 25 mindən çox bilet satılıb.

 

Oxunma sayı 573