Bakıda şəhid adı daşıyan neçə məktəb var? - Açıqlama

14:28 27.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacağı, onların adının məktəblərə veriləcəyini bildirmişdi. Ölkə başçısının sözlərinə görə,  artıq bu proses başlamışdır:

“Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən bu bölgədə - Qarabağ-Zəngəzur bölgəsində bütün bərpa işləri başa çatandan, küçələr salınandan, məktəblər tikiləndən sonra bu da olacaq”.

Bəs görəsən bu günə qədər ölkənin, xüsusilə də Bakının neçə təhsil ocağında şəhid adları əbədiləşdirilib?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov hafta.az-a açıqlamasında bildirdi ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır:

“Ümumi təhsil müəssisələrinə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.1.2- ci bəndinə əsasən Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunan şəhid adlarının müəssisələrə verilməsi məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar”.