İtaliyanın Neapol şəhərində qarətçilər yerli bank şöbəsinə daxil olmaq üçün kanalizasiya sistemində 12 metrlik tunel qazıblar.
Hafta.az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti yazıb.
Geoloqlar və kriminalistlər yeraltı labirinti araşdıraraq müəyyən ediblər ki, "peşəkar qazıntı ustaları" bir neçə həftə yerin altında işləyiblər. Hündürlüyü 70-90 sm olan tunel təxminən 4.5 metr dərinlikdə çəkilib və kanalizasiyanın əsas xəttindən birbaşa bankın anbarının döşəməsinə aparır.
İstintaqın versiyasına görə, dəstə iki qrupa bölünüb: "qazıntı aparanlar" və "hücum qrupu". Qarət zamanı üç nəfər döşəmədə açılan dəlikdən binaya daxil olub, daha üç nəfər isə mərkəzi girişdən içəri girib. Onlar seyflər açılarkən 25 nəfəri girov saxlayıblar.
Hadisə yerində polislər elektrik generatoru, müxtəlif alətlər və iki ədəd saxta tapança aşkarlayıblar. Hücum edənlərin üzləri gizlədilsə də, polis onların barmaq izləri vasitəsilə müəyyən ediləcəyinə ümid edir.