“İnzibati nəzarət bələdiyyələrin müstəqilliyini məhdudlaşdırmaq üçün deyil, qanunçuluğun, şəffaflığın və hesabatlılığın təmin olunması üçün vacib mexanizmdir. Hesabatdan görünür ki, son dövrdə bələdiyyə qərarlarının hüquqi ekspertizası gücləndirilib və qanunvericiliyə zidd aktların ləğvi istiqamətində operativ tədbirlər görülüb. Bu, hüquqi dövlət prinsiplərinin təmin olunması baxımından müsbət haldır”.
Hafta.az xəbər verir ki, bu fikirləri deputat Azər Badamov Milli Məclisin bugünkü iclasında səsləndirib.
Deputat hesab edir ki, inzibati nəzarət yalnız pozuntuların aşkarlanması ilə məhdudlaşmamalı, həm də preventiv və metodiki dəstək xarakteri daşımalıdır. Bu baxımdan A. Badamov bir neçə təklif irəli sürüb:
-
Rəqəmsallaşma və süni intellektin tətbiqi: Ölkədə data mərkəzləri yaradılır, rəqəmsallaşma və yüksək texnologiyaların tətbiqi genişlənir. Bələdiyyələr də bu proseslərdən kənarda qala bilməz. Deputat vurğulayıb ki, bələdiyyə qərarlarının vahid elektron platformada yerləşdirilməsi və maliyyə hesabatlarının açıq bazada təqdim olunması həm inzibati nəzarəti asanlaşdıracaq, həm də ictimai nəzarəti gücləndirəcək.
-
Vergi yığımı və maliyyə dayanıqlılığı: Deputat bildirib ki, bələdiyyələrin maliyyə dayanıqlılığı əsasən yerli vergilərin effektiv toplanmasından asılıdır. Praktikada isə vergi bazasının zəif uçotu, ödəmə intizamının aşağı olması və informasiya sistemlərinin natamamlığı ciddi problemlər yaradır. Ona görə də A. Badamov bələdiyyələrin vahid informasiya sisteminə birləşdirilməsini və digər dövlət orqanlarında vətəndaş müraciətlərinə yalnız vergi borcu ödənildikdən sonra əməliyyatların icra olunması mexanizminin tətbiqini təklif edib.
-
İctimai hesabatlılıq və şəffaflıq: Vətəndaşlar bilməlidir ki, ödədikləri vergi hansı layihələrə xərclənir. Deputat qeyd edib ki, bələdiyyələr rüblük əsasda “toplandı və xərcləndi” prinsipi ilə açıq hesabat təqdim etməlidir. Bu həm ödəmə intizamını artırır, həm də ictimaiyyətin inamını gücləndirir.
A.Badamov vurğulayıb ki, güclü maliyyə bazası olmayan bələdiyyə real səlahiyyətlərini icra edə bilməz:
"Yerli vergilərin ədalətli, şəffaf və effektiv toplanması həm yerli inkişafın təminatıdır, həm də yerli demokratiyanın möhkəmlənməsidir. Biz inzibati nəzarəti gücləndirməklə yanaşı, bələdiyyələrin gəlir imkanlarını genişləndirməli və vergi yığımını müasir və səmərəli mexanizmlərlə təmin etməliyik”.
Tahirə Qafarlı