Son günlər bütün ölkələrdə, o cümlədən Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilir. Düzdür, artıq bir ildən çoxdur ki, COVID-19 pandemiyası dünya üçün yeni qaydalar diktə edir, ölkələr, insanlar da koronavirusun və sərt karantin rejiminin tələb etdiyi qaydalarla yaşamağa alışmağa çalşırlar. Lakin bütün qaydaların tətbiq edilməsinə baxmayaraq müəyyən yumşalmalardan sonra bəzi ölkələr bu virus qarşısında yenidən aciz durumda qalıb. Əksər ölkələr yenidən qapanma ilə bağlı qərarlar qəbul etmək məcburiyyətində qalıblar.
Son bir neçə həftədir ki, Azərbaycanda da koronavirusa yoluxma hallarının yenidən artması müşahidə olunur. Artıq ölkəmizdə aparılmış genom analizləri nəticəsində yeni növ Britaniya ştammına tutulma halı da müəyyən edilib. Qeyd edək ki, koronavirusun Britaniya ştammı adlanan yeni növü ilk dəfə 2020-ci ilin sentyabrında Kent qraflığında müəyyən olunub. Qısa zaman ərzində yeni ştamm sürətlə yayılaraq Britaniyanın bütün ərazilərində aşkarlanıb. Son statistikalara görə, Britaniya ştammı 110-dan çox ölkədə aşkarlanıb. Bir sıra ölkələrdə, məsələn, Estoniya isə bu ştammın yoluxma sayına görə koronavirusun ilkin növünü ötdüyü bildirilib. ABŞ-da statistik hesablamalara görə, ümumi yoluxma hallarının 25-30 faizini virusun bu növü təşkil edir. Alimlər bu ştammın əvvəlki növlərlə müqayisədə 50 faiz daha yoluxucu və 65 faiz daha öldürücü olduğunu müəyyənləşdirib.
Hazırda Azərbaycana qonşu olan Gürcüstan, İran və Türkiyədə də yeni ştammlar aşkarlanıb. Britaniya ştammı əsasən öskürək, güclü yorğunluq, boğaz və əzələ ağrıları kimi simptomlarla xarakterizə olunur. Bununla yanaşı, Böyük Britaniyanın Milli Statistika Xidməti müəyyənləşdirib ki, yeni ştammda iybilmə qabiliyyətinin itirilməsi “Çin” variantına nisbətən özünü daha zəif büruzə verir.Təşkilat İngiltərədə koronavirusa yoluxmuş 6 min təsadüfi sakindən götürülən məlumatlar əsasında bu nəticəyə gəlib. Yoluxanların çoxunda bu üç simptomdan ən azı biri aşkarlanıb.
Tədqiqatlar zamanı 2020-ci il noyabrın ortalarından 2021-ci il yanvarın ortalarınadək xəstələnən insanlardan götürülən analizlərin nəticələri nəzərə alınıb.
Yeni ştamma yoluxmuş 3,5 min nəfərlik qrupda 35 faiz öskürəkdən, 32 faiz yorğunluqdan, 25 faiz əzələ və ümumən bədəndəki, 21,8 faiz isə boğazdakı ağrılardan şikayətlənib. Xəstələrin 16 faizində dadbilmə, 15 faizində isə iybilmə qabiliyyəti itib. Baş ağrısı, tənəffüs, ishal və qusma ilə bağlı məlumatlar eyni olub.
İngiltərədə aparılan son elmi tədqiqatda isə göstərilir ki, virusun mutasiyaya uğramış formasının yoluxdurma əmsalı SARS-CoV-2-in yoluxdurma əmsalından minimum 35 faiz daha böyükdür. Eyni zamanda, mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma faizi 15 faizdir.
Mövzu ilə bağlı hafta.az -a danışan Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Könül Cəfərova da hazırda vəziyyətin ciddi olduğunu təsdiqləyib: “Bu xəstəliyi daha çox yayan kimlərdir? Təbii ki, xəstəliyin daşıyıcısı olan insalardır ki, onlarda da heç bir siptom müşahidə edilmir. Yalnız qan analizləri nəticəsində biz bu şəxslərin koronavirus infeksiyası daşıyıcısı olduğunu müəyyən edirik. Ona görə də biz həmin şəxsləri “gəzən təhlükə” adlandırırıq. Britaniya ştammı da bu virusun daha tez, sürətlə yayılan növüdür. Klinika da sürətli gedir, ağırlaşmalar həddindən artıq çox olur. Bu baxımdan insanlar maksimum şəkildə diqqətli olmalıdırlar, narahatçılıq hiss edəndə dərhal həkimə müraciət etməlidirlər. Düşünməməlidirlər ki, narahatçılıqları soyuqdəymə ilə bağlıdır. Bəzən belə hallar olur ki, insanlar həkimə gec müraciət edirlər, özləri ev şəraitində müalicəyə başlayırlar, vəziyyət ağırlaşanda isə həkimə müraciət edirlər. Əslində son vaxtlar ölüm sayında artım məhz bununla bağlıdır. Vətəndaş zamanında həkimə müraciət edərsə, ona daha dəqiq diaqnoz təyin olunar və vəziyyətdən asılı olaraq evdə və ya xəstəxanada müalicə alar. Koronavirusdan qorunmanın qızıl qaydalarına həmişə riayət etməliyik. Məsafə saxlamalı, maska taxmalı, kütləvi təmaslardan çəkinməli, gigiyenik qaydalara uyğun davranmalıyıq. Əks halda, biz ciddi təhlükə ilə üz-üzə qala bilərik”.