Bu gün Güdüş Günüdür...

11:07 01.04.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

   

1 aprel bütün dünyada Gülüş günü kimi qeyd edilir. Həmin gün hamı bir-birini aldadır, zarafatlaşır. Bəzən bu olaylar həqiqətən gülməli, bəzən isə müəyyən çərçivələrdən kənara çıxan yersiz hərəkətlər kimi yaddaşlarda qalır. Bu səbəbdən 1 aprel həm də "axmaqlar günü" kimi də xatırlanır. Bu gün dünyanın ən ciddi insanı belə ona edilən zarafatı xoş qarşılayır.

Bəs Gülüş Gününün yaranma tarixçəsi haqda nələri bilirik? 

Bu sualın cavabı ilə bağlı bir neçə versiyalar mövcuddur. Ən yayğın ehtimallara görə, Gülüş Gününün kökü qədim Romaya dayanır. Belə ki, hələ 2000 il əvvəl aprelin 1-də qədim Romada indikinə oxşar bayramlar keçirilər, bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər.

Bəziləri hesab edir ki, bu ənənə Fransada yaranıb. Şərqi Hindistanda isə 31 mart Aldatma günüdür.

Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdilər.

Digər versiya isə Pasxa ilə əlaqədardır. Bildirilir ki, məhz aprelin 1-də müəyyən ölkələrdə Pasxa öncəsi yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə, insanlar yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər. Belə adamları ələ salır, onlara axmaq hədiyyələr verir, özlərini isə aprel axmaqları adlandırırdılar.

Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bu, zarafatyana tədbir idi.

Lakin 1 apreli Gülüş yox, əksinə xoşbəxt olmayan gün sayan dövlətlər də var. Onların sırasında Almaniya və Avstriyanın adını qeyd edə bilərik. İnanclara görə, bu tarixdə anadan olan adamın həyatda bəxti gətirməyəcək. Səbəb isə dini amillərlə bağlıdır. Belə ki,  aprelin 1-də xristianların peyğəmbəri İsa Məsihi satan İuda anadan olub. Şeytanın göydən yerə endiyi gün kimi dəyərləndirilən bu tarixdə hər yerdə həyat dayanar, kəndlilər belə əkin-bisinlə məşğul olmazlarmış. Həm böyüklər, həm də uşaqlar bir-birilərini aldadaraq əslində yerinə yetirilməsi mümkünsüz olan tapşırıqların arxasınca göndərirlərmiş.

1 aprel bütün dünyada olduğu kimi, Azərbaycanda da gülüş və yumorla xatırlanır. Bu gün əslində ölkəmizdə Sovetlər dövründən qalma ənənə kimi xarakterizə edilir. Bir qədər də dünyadakı 1 aprel zarafatları barədə.

1957-ci ildə BBC-nin Panorama verilişi tamaşaçılar sensasiyalı bir məlumat yaydı. İsveçrənin Tiçino rayonunun tarlalarında ilk dəfə ağaclarda hazır makaron yetişdirmək mümkün olub. Tanınmış aparıcı Riçard Dimblbi özünün ciddi jurnalist təhqiqatları ilə ad çıxardığından çox adamda bu xəbərin həqiqiliyinə şübhə qalmadı. Kadrlarda qadınlar ağaclardan spaggetiləri dərir və günəşin altında qurudurdular. Bəzi tamaşaçılar dərhal studiyaya zəng edərək bu ekzotik malın nə zaman idxal olunacağını xəbər almağa başladılar. Digərləri isə BBC-nin belə kələklərə baş vurmasından qəzəb ifadə etdilər.

1976-cı ildə astronom Patrik Moor BBC Radiosunun 2-ci kanalına müsahibədə xəbər verib ki, aprelin 1-i, səhər saat 9.47-də Pluton planeti Yupiterlə eyni xətdə olaraq Yer kürəsinin cazibə qüvvəsini azaldacaq. Həmin anda adamlar tullansalar uça biləcəklər. BBC-ə minlərlə zəng gəldi və hətta bir qadın həqiqətən otaqda pərvaz edə bildiyini xəbər verdi.

1986-cı ildə Fransada dərc olunan Le Parisien qəzeti élan etdi ki, Eyfel qülləsi Parisin Disneylənd əyləncə parkına köçürüləcək. Qustav Eyfelin ucaltdığı mühəndislik şedevri 100 ildən çox idi ki Fransa paytaxtının rəmzi hesab edilirdi. Qəzet yazmışdı ki, Eyfelin yerində yeni stadion inşa olunacaq. Bu xəbər Fransada kəskin etirazlara və sonradan böyük sayda sifətin utandığından qızarmasına səbəb oldu.

1 aprel 1978-ci ildə Sidneyin körfəzinə minlərlə adam toplaşmışdı. Onlar tanınmış biznesmen Dik Smitin Antarktikadan buksirlə çəkib gətirdiyi aysberqin gəlməsini gözləyirdilər. Aysberq gəldi, amma o buzdan deyil, ağ plastmas və köpükdən düzəldilmişdi.

1962-ci ildə İsveçdə cəmi bir telekanal vardı. Və bu telekanalda aprelin 1-də peyda olan bir alim ciddi surətdə tamaşaçılara dedi ki, əgər onlar bir cüt qadın corabını ağ-qara rəngli televizorun üstünə keçirsələr, o zaman möcüzəvi surətdə ekran rəngli olacaq. Minlərə adam buna əməl etdi və məyus oldu. Rəngli televizor İsveçə 1970-ci il aprelin 1-də gəldi.

1992-ci ildə Amerikanın sabiq prezidenti, Uoterqeyt qalmaqalı nəticəsində impiçment edilmiş Riçard Nikson yenidən prezident kampaniyasına qatılacağını bəyan etdi. Özü də “mən heç zaman səhv addım atmamışam və atmayacağam” devizi altında. Əslində Niksonun bundan xəbəri yox idi. Bunu onun yerinə radio kanallardan birində efirə çıxan və sabiq prezidentin səsini düzgün yamsılayan bir komediya ustası demişdi. Lakin yüzlərlə adam zəng edərək Niksona səs verməyəcəklərini bəyan etdi.

1975-ci ildə Avstraliyanın This Day Tonight teleproqramı élan etdi ki, sabahdan bütün ölkə total metrik sistemə keçərək. Beləki, dəqiqədə 100 saniyə, saatda 100 dəqiqə və sutkada 20 saat olacaq. Bunun kələk olduğu üzə çıxanda adamlar heç də zarafat anlayacaq halda deyildilər.

1998-ci ildə Makdonaldsın əbədi rəqibi Burger King restoran şəbəkəsi solaxaylar üçün burger bişirəcəyini vəd etdi. Tam ciddi şəkildə deyilirdi ki, şirkət 32 milyon solaxay amerikalının ehtiyaclarına biganə qala bilməz. Bu burgerin tərkibi eyni olacaq, amma içindəkilər 180 dərəcəlik bucaq altında əks tərəfə doldurulacaqlar ki, solaxaylara kömək olsun. Buna inanmış solaxaylar Burger Kingə gedərək bu yeni təamdan dadmaq istədilər.

1940-cı ildə Filadelfiyada yerləşən bir radio günorta saat 3-də dünyanın sonunun gələcəyini xəbər verdi. Üstəlik xəbərdarlıq etdi ki, bu 1 aprel zarafatı deyil. Dünya hələ də dağılmayıb və deməli əslində zarafat imiş.

Bəli, göründüyü kimi bir çoxları hələ də 1 aprel olmasına baxmayaraq bu gün yayılan xəbərlərə, bəyanatlara səmimi qəlbdən inanırlar. Gülüşünüz bol olsun.