Pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması və kompleks dövlət dəstəyi tədbirləri iqtisadi aktivliyin bərpasına və daha da yüksəlməsinə gətirib çıxarıb.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.
O qeyd edib ki, nəticədə cari ilin yanvar-may aylarında, əvvəlki ilin müvafiq dövrünə nisbətən ÜDM 7,2%, qeyri-neft sektorunda 11%, neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 0,5% artıb.
“İqtisadiyyatın bütün sahələrində artım qeydə alınıb, bəzi sahələrdə isə artım templəri əhəmiyyətli dərəcədə yüksək olub. Qeyri-neft qaz sektorunun inkişafına əhəmiyyətli töhfə nəqliyyat və anbar təsərrüfatı, qeyri-neft qaz sənayesi, turizm və ictimai-iaşə sahələrində olub. 2022-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən 5 milyard manata yaxın vəsait xərclənib. 2022-ci ilin 5 ayında orta illik inflyasiya 2021-ci ilin eyni dövrü ilə müvafiq inflyasiya göstəricisini 8,4 faiz bəndi üstələyərək 12,6 % təşkil edib”.