“Cəbhədə istifadə olunan PUA-ların 95 faizi Ukrayna istehsalıdır” – Valeri Çurkin

09:10 29.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna müdafiə nazirinin müavini Valeri Çurkin bildirib ki, ordunun cəbhə xəttində istifadə etdiyi pilotsuz uçuş aparatlarının 95 faizindən çoxu Ukrayna istehsalıdır. Çurkin Ukraynanın hərbi texnologiyalar sahəsində böyük irəliləyiş əldə etdiyini, bu inkişafın müharibənin gedişatının müəyyənləşdirilməsində mühüm rol oynayacağını bəyanlayıb.

Hafta.az-ın “İnterfaks-Ukrayna”ya istinadən yazdığına görə, nazir müavini Rusiyanın resurslar baxımından böyük üstünlüyə malik olduğunu nəzərə alaraq vurğulayıb ki, ölkəsi hərbi texnologiyaların inkişafına sərmayə qoymaqla bu asimmetrik vəziyyəti öz xeyrinə çevirməyə çalışır. Çurkin, "İnsansız sistemlər sektorunda böyük irəliləyiş əldə etdik. Hazırda cəbhə xəttində istifadə edilən pilotsuz uçuş aparatlarının (PUA) 95 faizi Ukrayna istehsalıdır" deyib.

Müdafiə nazirinin müavini qeyd edib ki, hazırda pilotsuz sistemlər dünyanın aparıcı ordularının silah arxitekturasında mühüm rol oynayır. 2024-cü ilə qədər Ukrayna pilotsuz sistemlərin 330-dan çox yeni modelini istifadəyə verib. Hansı ki, 2023-cü ildə bu rəqəm cəmi 75 idi.

Digər tərəfdən Çurkin Rusiyanın da hərbi sənayesinə böyük sərmayələr qoyduğunu, ölkənin müdafiə sektorunun müharibəboyu hərbi texnologiyalar istehsalına davam etdiyini bildirib. Çurkin həmçinin Rusiyanın pilotsuz uçuş aparatlarının istehsalına xüsusi önəm verdiyini, bu sahədə inkişaf sürətini artırmağa çalışdığını bildirib və bu açıqlamaları verib: “Ukraynanın bu texnoloji sıçrayışa nail olması kritikdir. Nisbətən ucuz və effektiv silahların istehsalına üstünlük verilməlidir. Biz daha az xərclə düşmənə böyük itkilər verməliyik".