Cem Adrian Nazım Hikmətin anım günündə konsert verəcək

09:35 15.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nazım Hikmət vəfatının 62-ci ildönümündə - iyunun 3-də Moskvada anılacaq. Şairin məzarı başında ənənəvi anım mərasimi ilə yanaşı, müğənni Cem Adrian da konsert proqramı ilə çıxış edəcək.

Hafta.az-ın yazdığına görə, konserti təşkil edən Nazım Hikmət Mədəniyyət və İncəsənət Fondunun açıqlamasında deyilir: “İyunun 2-si bazar ertəsi axşamı məşhur sənətçi Cem Adrian Moskvada Nazım Hikmətin xatirəsinə tərtib etdiyi akustik konsert və xüsusi repertuarla bizimlə olacaq. 2025-ci il Nazım Hikmət Dostluq Mükafatının qalibinin müəyyən edilməsi ilə bağlı tədbir Moskva Nazım Hikmət Mədəniyyət və İncəsənət Fondunun ev sahibliyi ilə “Russkaya Pesnya” konsert salonunda keçiriləcək”.

Daha sonra qeyd olunub ki, mükafatın builki sahibi Macarıstanda Budapeşt Radiosunda işlədiyi illərdə Nazım Hikmətin şeirlərini öz səsi ilə yazdıranlar arasında olan və ölümündən sonra yazdığı kitablarla Nazım Hikmətin xatirəsinin yaşadılmasına töhfələr verən macardili mütəxəssis, proqram prodüseri, yazıçı və tərcüməçi Gün Benderli olacaq.