Pakistanın Hindistanla münaqişələrdə istifadə etdiyi J-10C döyüş təyyarələri Çin istehsalı olan təyyarələrin potensialını nümayiş etdirib.
Hafta.az-ın yazdığına görə, Pakistan ordusu J-10C-lərdən istifadə edərək toqquşma zamanı Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 döyüş təyyarəsini vurduqlarını iddia edib. Pakistanın xarici işlər naziri İshaq Dar, vurulan təyyarələrin Fransa istehsalı “Rafale” təyyarələri olduğunu bildirib və bunu ABŞ da təsdiqləyib.
“The Guardian”ın təhlili qeyd edir ki, bu, ilk dəfədir ki, J-10C-lər və onların daşıdığı PL-15 raketləri qaynar münaqişədə istifadə olunur. Yazılır ki, Pakistan-Hindistan münaqişələri bu mənada Çin hərbi sənayesinin imkanları üçün “sınaq meydançası” yaradır.
Pekin İslamabad hökumətinin mühüm müttəfiqidir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Sipri) məlumatlarına görə, Çin Pakistanın döyüş təyyarələrindən tutmuş dəniz gəmiləri və raketlərinə qədər silah ehtiyatının 80 faizindən çoxunu təmin edir.
Vaşinqtonda yerləşən Alman Marşal Fondundan Andrew Small bildirib ki, Pakistan-Hindistan münaqişəsi Çinə silahlarının Qərb həmkarlarına qarşı necə təsir göstərdiyini hiss etdirib.
Hindistan həm Çinin ən böyük rəqibi olan ABŞ-ın, həm də ən yaxın müttəfiqi Rusiyanın dəstəyinə malikdir. Dehli silah idxalının 36 faizini Rusiyadan alır.
Digər tərəfdən, Çinin hərbi texnologiyalarının sınaqdan keçirilməsi Tayvan məsələsi baxımından da əhəmiyyətlidir.
"Hindistan münaqişədə Amerika silah sistemlərindən istifadə etməyib. Bununla belə, Çinin J-10 reaktiv təyyarələri və PL-15 raketlərinin təəccüblü qələbəsi Tayvan məsələsində hərbi qüvvələr balansına yenidən baxılmasına səbəb ola bilər", - ABŞ-da yerləşən Stimson Mərkəzindən Yun Sun deyib.