Covid testlərinin qiymətləri CİBİMİZƏ UYĞUN DEYİL...

16:19 08.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus həyatımıza daxil olduğu ilk gündən bəri insanların əsas gündəminə çevrilən məsələlərdən biri də covid-19 testinin götürülməsidir. Hazırda ölkəmizdə bir çox dövlət və özəl klinikalarda virusun aşkarlanması üçün testlər götürülür. Nəzərinizə çatdıraq ki, testlər həm yaxma nümunəsi götürülməklə, həm də qan analizi vasitəsilə aparılır. Qan nümunəsi ilə verilən testin qiyməti 45-110, burundan yaxma nümunəsi əsasında aparılan müayinələr isə PCR üsuludur və onun da qiyməti təxminən 85-140 manatdır. Müayinələrin nəticəsi adətən 24-72 saat ərzində məlum olur. Xaricə səyahət zamanı aviaşirkətlər məhz PCR üsulu ilə verilmiş testin əsasında gediş-gəlişə icazə verir. Maraqlısı bundadır ki, digər ölkələrlə müqayisədə bizdə covid testinin qiymətləri olduqca yüksəkdir, hətta bu fərq dəfələrlə artıqdır.

İlk vaxtlar covid-19-un müalicəsində istifadə edilən dərman preparatlarının qiymət artımının qarşısını almaq məqsədilə müxtəlif islahatlar keçirildi. Ancaq yoluxmanı və sağalmanı müəyyən etmək, habelə xaricə səyahət  üçün tələb olunan koronavirus testlərinin qiyməti hazırda od tutub yanır. Səhhətində nasazlıq hiss edən vətəndaş xəstə olub-olmadığını aydınlaşdırmaq məqsədilə məcbur qalıb covid-19 analizi verməlidir. Hələ bunun əgər yoluxubsa, sağalıb-sağalmadığını öyrəınməyi də var. Onda gərək testi iki dəfə verəsən, bu da ikiqat xərc deməkdir.

Bəs görəsən analiz qiymətlərini tənzimləmək üçün nə etmək olar? Ümumiyyətlə qiymətlərin bu qədər baha olmasına səbəb nədir? Gömrük rüsumları yoxsa inhisarlaşma?

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, əslində covid-19-un ölkəmizdə yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabinetinin bir neçə qərarı var idi. Bu qərarlardan biri də koronavirus ilə bağlı dərman preparatlarının və avadanlıqların ölkəyə gətirilməsinin asanlaşdırılmasıdır. Lakin, bu qərar o qədər də açıq şəkildə yazılmamışdı. Buna görə də dəqiq bilmirəm bu sıraya covid testinin götürülməsi üçün lazım olan ləvazimatlar da daxildirmi ya yox. Fakt budur ki, bizdə qiymətlər başqa ölkələrlə müqayisədə qat-qat bahadır:

“Hər bir halda, ölkəmizdə qonşu ölkələrlə müqayisədə qiymətlər kifayət qədər böyük fərq var. Məsələn Türkiyədə bu qiymətlər daha aşağıdır, Gürcüstanda 60 laridən başlayır, hətta pulsuz test vermə imkanları da yaradılıb.  Bu yaxınlarda bir tanışım Kuzey Kıbrısdan gəlmişdi. Orada ümumiyyətlə Covid-19 testi pulsuzdur. İstənilən adam növbəyə dayanıb test verə bilər. Cavablar isə 1 gün ərzində məlum olur. Müxtəlif ölkələrdə fərqli praktikalar var. Rusiyada pullu testlər o zaman olur ki, testin götürülməsini evindən sifariş verirsən. Bu da təxmini 1200 rubldur. Hesabladıqda bu qiymətlər də bizdəkindən ucuzdur. Ölkəmizdə covid testinin qiyməti 70-90 manatdan başlayaraq dəyişir. PCR testlərin ən çox tələb edildiyi yerlər aviareyslərdir. Bu da uçuşları bahalaşdırır, həmçinin insanların səyahət hüquqlarını məhdudlaşdırır”.

Ekspert səyahət zamanı PCR testinin tələb edilməsini də mənasız hesab edir:

“Fikrimcə səyahət zamanı PCR testinin tələb edilməsi yanlışdır. Bəzi ölkələr bunu tələb etmirlər. Amma ölkəmizdə hava yolu şirkəti şəxsin covid pasportu olsa belə PCR testi olmadan ölkəyə girişə icazə vermir. Bundan başqa, PCR testi 72 saat qüvvədə olduğundan insan bu müddətdə onsuzda yoluxa bilər. Ona görə də bəzi qərarlar çox absurddur”.

N.Cəfərli analiz qiymətlərinin aşağı salınması üçün bir neçə sadə üsulun olduğunu da vurğuladı:

“Covid testinin qiymətinin aşağı salınması yolları olduqca sadədir. Əgər bunun üçün lazım olan ləvazimatlarda gömrük rüsumu varsa, ilk olaraq onu aradan qaldırmaq lazımdır. Bu hal qiymətlərin 35-36% aşağı düşməsinə səbəb olur. Bundan başqa, çoxsaylı şirkətlərə həmin ləvazimatların gətirilməsi üçün imkan yaradılmalıdır. Bu da rəqabətli mühitin meydana gəlməsinə və qiymətlərin ucuzlaşmasına dəlalət edir”.

Tibb elmləri doktoru Aqil Qeybulla da baha qiymətlərdən gileyləndi. O, bildirdi ki, indi bizdə ucuz heç nə yoxdur. Elə  covid-19 testlərinin qiyməti də bu siyahıda ön sıralardadır:

“Analiz qiymətləri barədə onu deyə bilərəm ki, bizdə tibb müəssisələrinin bir çoxunun mülkiyyəti özəldir. Burada da qiymətlərə nəzarət etmək dövlətin imkanı xaricindədir. Əslində koronavirus analizləri dövlət xəstəxanalarında əhali üçün pulsuz və yaxud da çox ucuz olmalıdır. Təəssüflər olsun ki belə deyil. Analizlərin qiymətləri əhalinin gəlirləri ilə uyğun gəlmir”.