Daşkənddə Orta Asiyanın ən hündür göydələni tikilir

13:09 08.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin inşaat şirkətləri Orta Asiyanın ən hündür göydələnini tikməyə hazırlaşır.

Hafta.az yazır ki, tamamlandığında 215 metr hündürlüyü olacaq 50 qatlı göydələn, Türkiyənin Özgüvən şirkəti tərəfindən Özbəkistanın paytaxtı Daşkənddə tikiləcək. 1,5 hektar ərazidə inşa olunacaq binanın tikintisinə 150 milyon dollar xərclənəcək. Tikinti başa çatdıqda Qazaxıstanın paytaxtı Astana şəhərindəki 201 metr hündürlüyündəki göydələn birinciliyi əldən verəcək. Daşkəndin mərkəzində qurulacaq “Tashkent City” Beynəlxalq Biznes Mərkəzində reallaşdırılacaq həmin layihənin təqdimatı olub. O da məlum olub ki, tikintinin xərclərini Özbəkistanın "Murad Buildings" şirkəti çəkəcək, "Özgüven" şirkəti isə inşa edəcək. 

Bildirilir ki, binanın təməlində 20 min, bütün tikintidə isə 170 min kubmetr betondan istifadə ediləcək. Hansı ki, bu qədər betonla hər biri 80 kvadratmetr olmaqla 5 min mənzil tikmək olar. Eyni zamanda binanın tikintisində 25 min ton dəmir materialdan istifadə ediləcək ki, bu da təxminən 7,5 min kilometrə bərabərdir. Bu ölçü isə Daşkəndlə İstanbul arasındakı məsafədən iki dəfə uzundur. Tikinti başa çatandan sonra binanın ümumi ağırlığı 500 min ton olacaq.