Dəniz də pulludur, qumu da...

13:29 03.07.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Yay mövsümünün gəlişi ilə Bakı sakinləri və turistlər çimərliklərə üz tuturlar. Çimərliklərdə komfort istəyən hər kəs bilməlidir ki, bu rahatlığın qiyməti var. Düzdür, dəniz hələ də hamı üçün açıqdır. Həmin sahildə oturmaq, əşyalarını saxlamaq, günəşdən qorunmaq və ya duş almaq istəyirsənsə, artıq ödəməyə hazır olmalısan. Dəsmal, şezlonq, çətir, duş, soyunma kabinəsi, hətta uşaqlar üçün oyun sahəsi pulludur.

Qiymətlər və xidmətlər

Bakıda və Abşeron yarımadasında fəaliyyət göstərən 15-dən çox çimərlik kompleksi 2025-ci il üçün yenilənmiş qiymət siyasətini tətbiq edib. Hər bir kompleksin fərqli tarifləri və xidmətləri var. Aşağıda onların əsas xüsusiyyətlərini təqdim edirik:

Dream Beach (Şıxov). Giriş ödənişsizdir, lakin rahatlıq üçün lazım olan avadanlıqlar pulludur. Plastik şezlonq 5 AZN, taxta 10 AZN-dir. Həftəiçi arxa sıra çətir 10 AZN, ön sıra 30 AZN, söhbətgah isə 30-60 AZN arası dəyişir. Bir ailə (2 böyük, 2 uşaq) burada istirahət üçün 30-60 AZN arası vəsait xərcləyir.

Sea Breeze Resort. Qiymət sabitdir – 50 AZN. İki böyük üçün bu, 100 AZN edir. 10 yaşa qədər uşaqlar pulsuzdur. Dolab kirayəsi əlavə 10 AZN + 20 AZN depozit tələb edir. Depozitlər çıxışda qaytarılır. Real xərclər 120-130 AZN-ə qədər artır.

Amburan Beach Club. Həftəiçi 25 AZN, həftəsonu və bayram günləri 35 AZN-dir. Qiymətə dəsmal, şezlonq, çətir, duş, uşaq otağı və əyləncəli proqramlar daxildir. 9 yaşadək uşaqlar üçün giriş ödənişsizdir. Ailəlikcə minimum 70 AZN-dən başlayır.

Richi Beach (Hövsan). Xanımlar üçün giriş həftəiçi 15 AZN, bəylər üçün 20 AZN-dir. Həftəsonu bu qiymətlər 5 AZN artır. 12 yaşadək uşaqlar üçün giriş 10 AZN-dir, 1 metrədək boyda uşaqlar üçün ödənişsizdir. Qiymətə duş, dəsmal, şkaf, şezlonq və çətir daxildir. Ailəvi xərclər 50-70 AZN civarındadır.

Mambo Beach Club. 6-12 yaş uşaqlar üçün həftəiçi 10 AZN, həftəsonu 12 AZN, 12 yaşdan yuxarı şəxslər üçün isə müvafiq olaraq 25 və 30 AZN-dir. Ailə paketi də mövcuddur – həftəiçi 2 böyük + 2 uşaq 50 AZN, həftəsonu isə 65 AZN.

Green City Resort. 12 yaşdan yuxarı şəxslər üçün həftəiçi 30 AZN, həftəsonu və bayram günləri 35 AZN-dir. 7-12 yaş uşaqlar üçün isə bu qiymətlər müvafiq olaraq 20 və 25 AZN-dir.

Nar & Sharab Pool. Həftəiçi 20 AZN, həftəsonu 30 AZN-dir. Dəsmal və qolbaq üçün 10 AZN depozit alınır. Bu qiymətlərə əlavə olaraq bəzi obyektlərdə yemək, içki, batut, oyun meydançası, qayıq, SUP board və digər xidmətlər də ödənişlidir. Bu da real büdcənin daha da artmasına səbəb olur.

Nəqliyyat xərcləri və depozit

Çimərlik istirahəti təkcə giriş və xidmətlərlə bitmir. İstirahətin xərcləri sırasında nəqliyyatın payı da az deyil. Bakının çimərlikləri, əsasən, şəhər mərkəzindən 20-40 kilometr aralıda yerləşir. Avtobusla gediş-gəliş 4 nəfərlik ailə üçün təxminən, 4 AZN təşkil edir. Taksi ilə bu xərclər,  gediş-gəliş, ümumilikdə, 25-30 AZN aralığında dəyişir. Şəxsi avtomobillə  yanacaq sərfiyyatı 10-15 AZN, bəzi obyektlərdə ödənişli parkinq 3-5 AZN-dir.  Yəni dördnəfərlik ailədən ötrü yalnız nəqliyyat xərcləri 4 AZN-dən başlayıb, 30 AZN-ə qədər yüksələ bilir. Bu da bəzən girişhaqqına bərabər və ya daha çox olur. Bundan başqa, bir çox çimərliklər müştərilərdən depozit tələb edir. Bu depozitlər qolbaq, dolab, dəsmal, kart və digər ləvazimatlar üçün nəzərdə tutulub. Məsələn, Nar & Sharab Pool – qolbaq və dəsmal üçün 10 AZN depozit alınır.

Spring Hotel qolbaq kartı üçün 5 AZN depozit, həmçinin bu kart vasitəsilə yemək-içki alınması mümkündür. Əgər bu əşyalar zədələnərsə və ya itirilərsə, depozit geri qaytarılmır.

Əlçatan istirahət nümunəsi

Bakının ətrafında fəaliyyət göstərən pullu çimərliklərin fonunda IDEA İctimai Birliyi tərəfindən yaradılmış ictimai çimərliklər sosial ədalət baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs çərçivəsində Abşeron yarımadasının müxtəlif sahillərində ailələrin və gənclərin pulsuz, keyfiyyətli istirahəti üçün şərait yaradılıb. Əsas məkanlar Novxanı, Buzovna, Şüvəlan, Pirşağı sahillərində yerləşən bu çimərliklərdə giriş tamamilə ödənişsizdir. Xidmətlərə geyim dəyişmə kabinələri, duş və sanitar qovşaqlar, çimərlik sahəsində zibil qutuları və təmizlik xidmətləri, xilasetmə və tibbi xidmətlər, müasir təhlükəsizlik standartları daxildir. Əlavə üstünlüklərə gəlincə, ailəvi istifadəyə uyğun ərazilər, uşaqlar üçün xüsusi oyun sahələri, hər kəsin rahat və təhlükəsiz istifadə edə bilməsindən ötrü ictimai nəzarət və kamera sistemləri mövcuddur. Mütəxəssislər hesab edir ki, IDEA-nın bu təşəbbüsü təkcə sosial rifah deyil, həm də ekoloji maarifləndirmə baxımından önəmlidir. Bu çimərliklərdə təbiətin qorunmasına, tullantısız istifadəyə və məsuliyyətli istirahət mədəniyyətinə də xüsusi önəm verilir. Bu cür nümunələr Bakıda çimərlik mədəniyyətinin sosial və ekoloji cəhətdən balanslı inkişafına imkan verir. Əgər belə layihələr genişlənərsə, dəniz sahili hər təbəqədən insan üçün əlçatan və faydalı məkana çevrilər.