Deputat: Hər hansı əməkdaşın fəaliyyəti zəifdirsə...

11:36 20.02.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İdarəetmədə əsas meyar peşəkarlıq, səmərəlilik və məsuliyyət olmalıdır. Bu baxımdan yeni yaradılan Monitorinq Agentliyinin fəaliyyəti təqdirəlayiqdir”.

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Müşfiq Cəfərov səsləndirib.

Deputat bildirib ki, hər hansı əməkdaşın fəaliyyəti zəifdirsə, onun vəzifədən azad edilməsi və ya dəyişdirilməsi təbii və qanunauyğundur. Lakin dövlət siyasəti şəxslər üzərində deyil, fəaliyyət və nəticələr üzərində qurulmalıdır.

Onun sözlərinə görə, institusional nəzarət mexanizmlərinin gücləndirilməsi dövlət idarəçiliyində şəffaflığın və effektivliyin artırılmasına xidmət edir.

Müşfiq Cəfərov qeyd edib ki, rəhbərlikdə aparılan dəyişikliklər şəxsi münasibətlərə deyil, məhz peşəkar keyfiyyətlərə əsaslanmalıdır. O, qeyd edib ki, əgər yeni rəhbərlik formalaşdırılırsa, bu proses obyektiv meyarlar və nəticəyönümlü yanaşma əsasında həyata keçirilməlidir.

Deputatın mövqeyinə görə, dövlət idarəçiliyində davamlı inkişaf yalnız fəaliyyətin düzgün qiymətləndirilməsi və məsuliyyət prinsipinin qorunması ilə mümkündür.