“Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlar və təşəbbüs göstərdiyi sülh gündəliyi artıq beynəlxalq platformalarda da açıq şəkildə etiraf olunur. Vaşinqtonda keçirilən Sülh Şurasının ilk toplantısında ABŞ Prezidenti Donald Trampın çıxışında səslənən fikirlər də göstərdi ki, Azərbaycanın ortaya qoyduğu model oxşar münaqişələr üçün hələlik yeganə uğurlu nümunə kimi qiymətləndirilir”.
Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Sahib Alıyev səsləndirib.
Deputat bildirib ki, sülhün necə möhkəmləndiyi, bundan narahat olan dairələrin hansı vasitələrə əl atdığı və özlərini azərbaycanlı kimi təqdim edən şəxslərdən necə yararlanmağa çalışdıqları ilə bağlı mövqeyini bölüşüb.
Sahib Alıyev Qarabağdakı keçmiş separatçı rejimin – vaxtilə “miatsum” ideyası əsasında fəaliyyət göstərən qurumun – bəşəriyyət əleyhinə cinayətlərdə ittiham olunan təmsilçiləri üzərində keçirilən məhkəmə prosesinin beynəlxalq hüquq normalarına uyğun və şəffaf şəkildə başa çatmasını alqışladığını bildirib.
“Ordumuz torpaqlarımızı işğaldan azad edərkən göstərdiyi yüksək peşəkarlığı sonrakı mərhələdə hüquq-mühafizə orqanları, diplomatik xidmət əməkdaşları, vətəndaş cəmiyyəti institutları və məhkəmə sistemi də davam etdirdi. Bu, Azərbaycanın həm dövlət, həm də cəmiyyət olaraq yetkinliyinin göstəricisidir. Yüz minlərlə azərbaycanlı doğma torpaqlarından didərgin salınarkən, əsir və girov götürülərkən, qətlə yetirilərkən, İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttindən yüzlərlə kilometr uzaqda yerləşən şəhərlərimiz raket atəşinə tutularkən susmağa üstünlük verən bəzi beynəlxalq qurumların bu gün məhkəmə prosesi ilə bağlı mövqe bildirməsi təəccüb doğurmur. Məsələn, Amnesty International təşkilatının açıqlamasını siyasi xarakterli yanaşma kimi qiymətləndirir və qəbul etmirəm”, – deputat qeyd edib.
S. Alıyev əlavə edib ki, Ermənistanın iddiası əsasında aparılan araşdırmalar zamanı həm Beynəlxalq Ədalət Məhkəməsi, həm də BMT çərçivəsində fəaliyyət göstərən müvafiq mexanizmlər məhkəmə prosesinin beynəlxalq standartlara uyğun aparıldığını bildiriblər.
Deputat eyni zamanda vurğulayıb ki, məhkəmənin, xüsusilə Ruben Vardanyanla bağlı çıxardığı hökm regionda davamlı sülhün möhkəmlənməsinə və Ermənistanın müstəqil dövlət kimi milli maraqlarından çıxış etməsinə növbəti töhfə kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, regionda sabitlikdə maraqlı olmayan və Ermənistanı geosiyasi alət kimi görən qüvvələr müxtəlif informasiya kampaniyalarına əl ataraq, kimliyi və məqsədi şübhə doğuran şəxslər vasitəsilə Azərbaycana qarşı qarayaxma aparmağa çalışırlar.
Sahib Alıyev bildirib ki, Azərbaycan hüquqi və siyasi mübarizəni beynəlxalq hüquqa uyğun, açıq və şəffaf şəkildə aparır. Dövlətin suverenliyinin tam bərpası, regionda yeni təhlükəsizlik arxitekturasının formalaşması və beynəlxalq platformalarda artan nüfuzu seçilən yolun düzgün olduğunu göstərir. Heç bir təzyiq və ya informasiya kampaniyası ölkənin sülh və sabitlik siyasətindən geri çəkilməsinə səbəb olmayacaq.