“Münhen Təhlükəsizlik Konfransında ilk dəfə qalib dövlətin rəhbəri kimi sülh gündəliyi ilə iştirak etdiyini bəyan edən İlham Əliyev ətrafında yaradılan informasiya ajiotajı təsadüfi deyil, sifarişli xarakter daşıyırdı”.
Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc səsləndirib.
Deputatın sözlərinə görə, xaricdə yaşayan bəzi fəalların “demokratiya” mövzusunda səsləndirdiyi suallar Azərbaycanın Qələbəsini qəbul edə bilməyən və son dövrlər fəallaşan dairələrin koordinasiyalı kampaniyasının tərkib hissəsidir.
Zahid Oruc vurğulayıb ki, ərazi bütövlüyünü təmin edən, suverenliyini bərpa edən və Xankəndidə üçrəngli bayrağını ucaldan bir dövləti insan haqları prizmasından ittiham etmək siyasi riyakarlıqdır. Onun fikrincə, demokratiya ilə bağlı suallar torpaqlarını öz ordusu ilə azad etmiş ölkəyə ünvanlanır, lakin eyni tribunalarda digər mübahisəli siyasi aktorlarla görüşən dövlət rəhbərlərinə oxşar yanaşma sərgilənmir.
Deputat qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanlanan suallara qısa və qətiyyətli cavab verilməsi dövlət mövqeyinin ifadəsi idi. Onun qənaətincə, Vətən müharibəsi dövründə Azərbaycan qadınının göstərdiyi mənəvi iradə və fədakarlıq istənilən siyasi polemikadan daha güclü arqumentdir.
Zahid Oruc bildirib ki, ən fundamental insan hüququ insanın öz doğma torpağında yaşamaq və qurub-yaratmaq haqqıdır. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə – o cümlədən Zəngilan və Kəlbəcərdə – genişmiqyaslı bərpa və yenidənqurma prosesinin sürətləndirilməsi beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olmalıdır.
Deputat media və QHT şəbəkələrinin qlobal siyasətdə təsir alətinə çevrildiyini də vurğulayıb. Onun sözlərinə görə, bir sıra beynəlxalq media qurumları müxtəlif dövlətlərin maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Bu reallıq fonunda Azərbaycan kimi qalib ölkənin informasiya mübarizəsi aparmasının qaçılmaz olduğu bildirilib.
Deputatın fikrincə, Şuşaya yüksələn və ölkənin ərazi bütövlüyünü təmin edən lider beynəlxalq platformalarda yeni geosiyasi reallıqların müəllifi kimi çıxış edir və bu reallıqların qəbul olunması zaman məsələsidir. O, “Nədən bir zəngilanlının, kəlbəcərlinin evini tikmirsiz?” sualı ilə beynəlxalq dairələrə sərt mesaj ünvanlayıb.