Dərman təminatında 95 faiz idxaldan asılıyıq - Ekspert

17:07 08.10.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dərmanların qeydiyyatı ilə bağlı mövcud qanunvericilikdə müəyyən dəyişiklik etmək, yumşalmalara getmək mümkündür.

Bu fikirləri hafta.az-a Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirib. Onun sözlərinə görə, biz həm də dərman vasitələri ilə bağlı idxaldan asılılığımızı azaltmağa çalışmalıyıq:

“Bu gün biz demək olar ki, təxminən 95 faiz idxaldan asılı vəziyyətdəyik. Təsəvvur edin ki, biz Gürcüstandan dərman idxal edirik. Hansısa fors major hallar baş verəndə isə dərman qıtlığı yaşayırıq. O ki qaldı dərmanların qeydiyyat proseduruna “Dərman vasitələri haqqında” Qanuna görə, dərman vasitəsi satışa çıxarılmadan öncə ilkin olaraq dövlət qeydiyyatından keçməlidir. Yəni dərman vasitəsi qanunvericiliyə uyğun olaraq müvafiq ekspertizalardan keçirilərək dövlət qeydiyyatına alınır. Bununla da preparata qeydiyyat vəsiqəsi hazırlanır və preparat Dərman Vasitələrinin Dövlət Reyestrinə daxil edilir. Yalnız bundan sonra həmin preparatın ölkəyə idxalına və istifadəsinə icazə verilir.

Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra hər dəfə ölkəyə idxal olunan zaman Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə idxal olunan dərman vasitəsinin hər bir seriyasından müvafiq laborator yoxlamaların aparılması üçün nümunələr götürülür. Nümunələr Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində yaradılmış laboratoriyaya təhvil verilir. Müvafiq laborator yoxlamalar aparıldıqdan sonra dərman vasitəsi sertifikatlaşdırılır və  ölkəyə idxal olunur. Bu prosesdə ciddi bürokratik əngəl yoxdur. Ola bilsin ki, hansısa məmur sahibkara süni şəkildə problem yaratsın. Belə hallar baş verir. Amma ədalət naminə deyim ki, bir xeyli vaxtdır bu kimi nöqsanlar aradan qaldırılıb”.