Dövlət qulluğuna qəbul - namizədlər nələri bilməlidirlər?

11:08 15.06.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

İyunun 13-də 8 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elanı verilib. Dövlət İmtahan Mərkəzindən hafta.az-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanlarında elana çıxarılan vəzifələrin 13-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 1-i B növünə (inzibati icraçı) aiddir. Ən yüksək vəzifələr inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin direktoru və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması və Meşələrin İnkişafı Xidmətlərinin rəisi vəzifələridir.

Ümumilikdə isə İqtisadiyyat Nazirliyində 3, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2, Hesablama Palatasında 2, Energetika Nazirliyində 2, Dövlət Turizm Agentliyində 2, Qida Təhlükəsizliyi Agentliyində 1, Maliyyə Nazirliyində 1, Audiovizual Şurada 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu proses vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıdakı kateqoriyalara aid şəxslər iştirak hüququna malikdir:

• Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

• Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

• 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər iyulun 4-ü saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Yeri gəlmişkən, on üç dövlət orqanında mövcud olan 47 vakant vəzifə üzrə mayın 26-dan başlanan daxili müsahibələr davam edir. Elana çıxarılan vəzifələr üzrə 202 nəfər qeydiyyatdan keçib. Artıq 26 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib. Müsahibələrin iyunun 16-dək  keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda 2004-cü ildən etibarən dövlət qulluğuna qəbul test imtahanı və müsahibə vasitəsilə həyata keçirilməyə başlayıb 2004-2007-ci illərdə bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirirdi. Sonradan ölkə başçısının sərəncamına əsasən, Dövlət Qulluğuna Qəbul üzrə Komissiya fəaliyyətə başladı  və bu missiyanı o yerinə yetirdi. 2016-cı ilin fevralında isə ölkə başçısının sərəncamı ilə Dövlət İmtahan Mərkəzi yaradıldı və dövlət qulluğuna qəbulun sözügedən qurum tərəfindən həyata keçirilməsinə qərar verildi. Amma 18 ilə yaxındır ki, Azərbaycanda dövlət qulluğuna qəbulun müsabiqə yoluyla həyata keçirilməsinə baxmayaraq, bu sahədə cəmiyyətdə hələ də məlumatsızlıq var. Bəs görəsən, dövlət qulluğuna qəbul üzrə imtahanlara qeydiyyat proseduru necədir? Bu imtahanlarda kimlər iştirak edə bilər? Bununla bağlı hansı tələblər var? Dövlət qulluğuna qəbul imtahanlarında iştirak etmək istəyənlər nələri bilməlidirlər?

Ayda bir dəfədən az olmayaraq test imtahanı keçirilir

Əvvəlcə ondan başlayaq ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin  təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Müsabiqəyə təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mütəmadi olaraq mərkəzin internet portalında yerləşdirilir.

Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:

A növü -  inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:

AA qrupu;

AB qrupu;

AC qrupu.

B növü -  inzibati icraçı vəzifələr üzrə:

BA qrupu;

BB qrupu.

Test imtahanında istifadə ediləcək test tapşırıqlarının aşağıdakı növləri var:

qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;

açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları;

sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar.

Test imtahanında iştirak etmək üçün vətəndaşlar Mərkəzin internet portalı (bundan sonra – portal) vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir. Test imtahanının keçirilmə yeri və vaxtı Mərkəz tərəfindən müəyyən edilir və bu barədə imtahana azı 5 gün qalmış portalda məlumat yerləşdirilir. Mərkəz namizədin test imtahanında iştirakı ilə bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portalda yerləşdirir və namizəd onu çap edərək əldə edir.

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. İmtahan Mərkəzin qərarı əsasında kompüter və (və ya) kağız daşıyıcılar vasitəsilə keçirilir.

İmtahanın davametmə müddəti Mərkəz tərəfindən imtahanın məzmunundan (namizədlərə verilən test tapşırıqlarının növündən və sayından) asılı olaraq, aşağıdakı qayda nəzərə alınmaqla müəyyən edilir:

qapalı tipli test tapşırıqlarının hər biri üçün 1 dəqiqə 30 saniyə;

açıq tipli test tapşırıqlarının hər biri üçün 2 dəqiqə;

esse tipli tapşırıqların hər biri üçün 30 dəqiqə.

Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir:

qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;

açıq tipli tapşırıqların hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;

esse tipli tapşırıqların cavablandırılması cavabın həcmindən, strukturundan, fikirlərin və baxışların məntiqlilik dərəcəsindən, nümayiş etdirilən yaradıcılıqdan, arqumentasiyadan, söz ehtiyatından, orijinallıqdan, üslubdan və dil qaydalarına riayət edilməsindən asılı olaraq 0 - 30 balla, cavablandırılmaması 0 balla.

Test imtahanının nəticələri haqqında məlumat portalda yerləşdirilir. Test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi  gündən 30 gün müddətində Mərkəzin portalı vasitəsilə dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

Ən böyük problem müsahibə zamanı ortaya çıxır

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən ekspert Elşən Qafarov bildirib ki, dövlət qulluğuna hazırlaşan namizəd ilk növbədə kateqoriyalar barədə məlumatlı olmalıdır: “Daha sonra imtahanlara hazırlaşmalıdır. Bildiyimiz kimi, imtahana 4 fənn blokundan suallar salınır. Bunlar qanunvericilik, məntiq, Azərbaycan dili və informatikadır. Namizəd test mərhələsini uğurla başa vurduqdan sonra müsahibə mərhələsinə buraxılır. Müsahibə mərhələsi isə müvafiq kateqoriya üzrə mərkəzi icra hakimiyyəti orqanında keçirilir. Əslində dövlət qulluğuna qəbulda ən böyük problem müsahibə mərhələsində ortaya çıxır. Çünki müvafiq vəzifələr qabaqcadan bəlli olduğuna görə bu vəzifəyə təyin olunmaq istəyənin 2 yolu qalır. Ya bir çox hallarda namizəd doğrudan da imtahandan keçərək bilir ki, artıq onu müsahibədə gözləyənlər var. Belə namizədlərin sayı azdır. İkinci bir hal odur ki, “Dövlət qulluğu” haqqında qanuna görə, hansısa şəxs müvəqqəti olaraq vakant olan vəzifəyə təyin edilə bilər. Və həmin şəxs 3 aylıq sınaq müddətindən sonra artıq dövlət qulluqçusu kimi dərəcə alır. Nəticə etibarilə dövlət qulluğuna qəbul imtahanını keçmədən də şəxs müvafiq vəzifəni tuta bilir. Hazırda bildiyim qədər bir neçə min namizəd var ki, onlar gözləmədədirlər”.

Ekspert vurğulayıb ki, imtahan mərhələsində yüksək bal toplayanların dövlət qulluğunda çalışmaq üçün şansı daha böyükdür: “Amma müsahibə mərhələsində kim əvvəlcədən “sövdələşməyə” gedibsə, onun şansı yüksəkdir. Lakin tək-tək hallarda necə deyərlər, yetim-yesirə də qismət olur o qapını aşmaq. Məsələn, götürək, Təhsil Nazirliyini. Təhsil Nazirliyindəki vəzifələr dövlət qulluğuna aiddir. Bu qurumda şöbə müdirləri, sektör müdirləri hansı biri dövlət qulluğu imtahanından keçib. Hamısı işə müvəqqəti təyinat alıb, dərəcə əldə edib, ondan sonra həmin şəxslərlə müqavilə bağlanılıb. Bu mənada hesab edirəm ki, dövlət qulluğuna qəbulun müsahibə mərhələsində müəyyən addımlar atmaq lazımdır. Bununla bağlı elə bir mexanizm yaradılmalıdır ki, layiqli kadrları ortaya çıxarmaq və mümkün olsun. Çünki hazırda dövlət qulluğuna qəbul prosesinin müsahibə mərhələsində çox ciddi problemlər var”.