Dövlətlərin gəlir bölgüsündə böyük fərq var

10:07 23.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gəlir bərabərsizliyini ölçən “Cini” əmsalı son on ildə Türkiyədə yüksəliş tendensiyası nümayiş etdirib. 2022-ci ildə əmsal 0,433-ə yüksələrək məlumat dəstində ən yüksək səviyyəyə çatıb. Bu vəziyyət Türkiyəni Avropa qitəsində ən pis gəlir bölgüsünə malik ölkəyə çevirib.

Hafta.az-ın yazdığına görə, 2013-cü ildə 0,391-ə qədər azalan Cini əmsalı 2016-cı ildən sonrakı dövrdə iqtisadi dalğalanmalar, məzənnə böhranları və pandemiyanın təsiri ilə artıb. 2021-ci ildə 0,415 olan dəyər, 2022-ci ildə 0,433-ə çatıb. Həmin il Türkiyə əhalisinin daha zəngin olan 20 faizi ümumi gəlirin 49,8 faizini alıb, ən aşağı təbəqə sayılan 20 faizin payı isə 5,9-a düşüb.

2022-ci ilin məlumatlarına görə, ABŞ-ın Cini əmsalı 0,41 civarında idi. Almaniya və Fransada bu nisbət 0,29-0,30 arasında qalıb. Avropa İttifaqı ortalaması 0,296 olaraq hesablanıb. Bu məlumatlar göstərir ki, Türkiyə gəlir bərabərsizliyində həm ABŞ, həm də AB ortalamalarının üstündədir.

ABŞ-da gəlir bərabərsizliyi yüksək olaraq qaldığı halda, Almaniya və Fransada sosial transfertlərin və mütərəqqi vergi sistemlərinin təsiri ilə daha balanslı bölgü müşahidə edilib. Türkiyə isə G20 ölkələri arasında Cənubi Afrika və Braziliya kimi ölkələrlə birlikdə bərabərsizliyin ən yüksək olduğu ölkələr sırasında olub.

Türkiyədə 2012-2022-ci illərdə əhalinin orta və yuxarı-orta gəlirli təbəqələrinin ümumi gəlirdə payı azalıb. Əhalinin 5 faizi əsasında aparılan təhlillər göstərir ki, ən aşağı 50 faiz və ilk 5 faiz qruplarının gəlir payları artıb, orta gəlirli qrupların payı isə azalıb. Bu vəziyyət orta təbəqənin iqtisadi mövqeyinin zəiflədiyini göstəririr.

Oxşar tendensiya ABŞ-da da müşahidə olunub. 1970-ci illərdə əhalinin 60 faizdən çoxunu təşkil edən orta gəlirli seqment 2021-ci ildə 50 faizə qədər geriləyib. Almaniya və Fransada müxtəlif sosial rifah siyasətləri sayəsində orta təbəqənin nisbi mövqeyinin daha sabit qaldığı bildirilir.

Türkiyədə vergi sistemi dolayı vergilərin yüksək payı ilə gəlir bərabərsizliyinə təsir edən mühüm amil kimi önə çıxır. 2023-cü ilin birinci yarısının məlumatına görə, dövlət gəlirlərinin 65,6 faizi dolayı vergilər hesabına təmin edilib. Gəlir və korporativ vergilər kimi birbaşa vergilərin payı 29 faiz səviyyəsində qalıb.

OECD məlumatları göstərir ki, Türkiyə 5,5 faizlə ən aşağı birbaşa vergidən milli gəlir nisbətinə malikdir. İƏİT orta göstəricisi 11,2 faiz, ABŞ-da 12,8 faiz, Almaniyada isə təxminən 11 faiz təşkil edir. Bəzi ölkələrdə, məsələn, Norveçdə bu göstərici 20 faizi keçir. Yüksək dolayı vergilər aztəminatlı ailələrin daha yüksək vergi yükü daşımasına səbəb olur.

Sosial yardım Türkiyədə gəlir bərabərsizliyini qismən azaldır. TÜİK məlumatlarına görə, sosial transferlər nəzərə alındıqda Cini əmsalı 0,520-dən 0,433-ə enir. Lakin bu düzəliş bərabərsizliyi Avropa ölkələrində müşahidə olunan səviyyələrə endirmək üçün kifayət etmir. Məsələn, Belçika kimi ölkələrdə bazara qədər Cini 0,50 civarındadır, lakin sosial yardım və vergilərlə bu nisbət yarıya endirilə bilər. ABŞ isə vergilər və sosial transfertlər hesabına Cini əmsalını 20 faiz azaldır. Türkiyədə bu nisbət məhdud olaraq qalır və gəlir bölgüsündə əhəmiyyətli dərəcədə pisləşmə davam edir.

Avropada məhdud miqyaslı universal əsas gəlir (UBI) sınaqları Finlandiya, Hollandiya və İspaniya kimi ölkələrdə aparılmışdır. Finlandiyada 2017-2018-ci illərdə həyata keçirilən pilot layihədə 2 min işsiz şəxsə ayda 560 avro ödənilib və şəxslərin psixi vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin bu təcrübə məşğulluğa ciddi təsir göstərməyib.

Almaniyada Bürgergeld və Fransada RSA kimi sistemlər vasitəsilə aztəminatlı qruplara müntəzəm sosial yardım göstərilir. Türkiyədə Ailə və Sosial Xidmətlər Nazirliyinin idarə etdiyi şərti təhsil yardımı, qocalıq və əlil pensiyası və s. proqramlar var. Bununla belə, bu yardımlar Avropadakı sosial rifah dövlətləri tərəfindən verilən dəstəklə müqayisədə əhatə dairəsinə görə daha məhduddur.