Dünyada 2021-ci il hansı hadisələrlə yadda qalıb? (Araşdırma)

15:30 29.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Artıq başıbəlalı – koronavirus pandemiyasının durmadan can aldığı, iqtisadi-sosial çöküşlərin baş aldığı, müharibələr, təbii faciələrin yaşandığı 2021-ci ilin son günlərini yaşayırıq. Bu il dünyamızda yadda qalan nələr oldu? Suala cavab tapmaq üçün biz də öz növbəmizdə ilin geridə buraxdığımız günlərini vərəqləməyə başladıq.

ABŞ prezidenti Co Bayden and içərək dövlət başçısı postuna oturandan dərhal sonra ölkədə daxili siyasi proseslər gərginləşib, Donald Tramp tərəfdarları yanvarın 6-da Ağ Evə yürüş ediblər və binaya daxil olublar. Ardıyla da Tramp tərəfdarlarına “evə dönün” çağırışı edib və ara sakitləşib. Üstəlik, ABŞ tarixində ilk dəfə olaraq Donald Tramp xələfinin andişmə mərasimində iştirak etməyib.

Bu il Fars körfəzi bölgəsində Qətərə qarşı yaşanan hərbi-siyasi böhran aradan qalxıb. Səudiyyə Ərəbistanı Qətərlə quru, dəniz və hava sərhədlərini açdıqdan sonra bu ölkəyə qarşı tətbiq olunmuş sanksiyalar aradan tamamilə qaldırılıb.

Yanvarda qardaş Türkiyə dövləti 5-ci nəsil rabitə peyki olan “Türksat 5A”nı Floridadakı Cape Canaveral bazasından kosmosa göndərib.

Bu ay ərzində həmçinin Rusiya prezidenti Vladimir Putin Yeni Strateji Silahların Azaldılması Sazişinin müddətini daha 5 il müddətinə uzatmaq haqda qərarı imzalayıb.

Yanvarın 23-də Nigeriyada qaçırılan 15 türk matros fevral ayında sərbəst buraxılıb. Təəssüf ki, həmin hadisə zamanı gəmidəki Azərbaycan vətəndaşı olan bir nəfər öldürülüb.

Fevral ayında Myanmarda hərbi çevriliş olub. Fevralın 1-də baş verən çevriliş zamanı prezident Vin Myint, XİN başçısı və ölkənin defakto lideri olan Aung San Suu Çii və sair həbs ediliblər.

Bu ay NASA-nın kəşfiyyat gəmisi olan “Perseverance” 7 aylıq uçuşdan sonra 480 milyon kilometr yol qət edərək Marsa enib. Məlumata görə, kosmik gəminin sürəti saatda 21 min kilometr olub.

Mart ayında Türkiyə məşhur “İstanbul sazişi”ndən çıxıb.

Mart ayının 24-də "The Ever Given" adlı yük gəmisinin Süveyş kanalında saya oturması ilə əlaqədar qəza törədib, su yolu xeyli müddət bağlı qalıb. Nəticədə dünya bazarında yanacağın qiyməti bahalaşıb.

Aprel ayında ABŞ prezidenti Co Bayden Amerika rəhbərləri tarixində ilk dəfə olaraq qondarma erməni soyqırımını “soyqırım” kimi tələffüz edib.

ABŞ apreldə Marsda ilk dəfə helikopter uçurub. “İngenuity” adlı helikopter insanların Yerdən kənarda nəzarətli şəkildə uçurduğu ilk hava vasitəsi olaraq tarixə düşüb.

May ayı da qanlı-qadalı başlayıb. İsrail ordusunun Qəzzəyə hava hücumu zamanı 66-sı uşaq, 39-u qadın olmaqla ümumilikdə 248 mülki fələstinli həlak olub, 1900 nəfər isə yaralanıb.

İyun ayının ən yadda qalan hadisələrindən biri Salvadorda Bitkoinin qanuni status qazanmasıdır. Bu aydan etibarən Bitkoin Salvadorun rəsmi valyutası elan olunub.

Bu ay qonşu İranda yeni seçilən prezident İbrahim Rəisi vəzifəsinin icrasına başlayıb.

İyunda həmçinin Avropa İttifaqı suriyalı qaçqınlara dəstək məqsədilə Türkiyəyə 3 milyard avro ödəyəcəyini elan edib.

Bu isti yay ayında Kanadanın Sakatçevan əyalətindəki qədim Marieval kilsə-məktəbinin həyətində aparılan qazıntılar zamanı rəsmi qeydiyyatda olmayan 751 uşağın cəsədi tapılıb.

İyul ayında Avrupa Futbol Çempionatının - “Euro 2020” kubokunun qalibi İtaliya olub. İtaliyalılar ingilis futbolçuları penalti vasitəsilə son anda yenə biliblər.

İyulda Amazon şirkətinin sahibi, ingilis milyarder Ceff Bezos kosmosa səyahət edib. Onu 11 dəqiqə sürən bu səfərdə qardaşı Mark Bezos, 82 yaşlı Valli Funk və 18 yaşlı Oliver Deymen müşayiət edib.

Bu ay həm də Qərbi Avropanı cənginə almış sel fəlakəti ilə yadda qalıb. Hadisə zamanı Almaniyada ən azı 103, Belçikada isə 15 nəfər həlak olub.

İyulda Tunis prezidenti Kays Said parlamenti və hökuməti buraxıb, baş nazir Hişam əl-Meşişini postundan uzaqlaşdırıb.

İyulda həmçinin Bosniya və Hersoqovinada "Bonn səlahiyyətlərinə" istinad edilərək, ölkədə soyqırımı inkar edənlərin cəzalandırılmasına dair qanun qəbul edilib.

Avqustda Türkiyənin Qara dəniz regionunda güclü sel fəlakəti yaşanıb. Nəticədə Kastamonuda 60, Sinopda 9, Bartındə 1 nəfər həlak olub.

Bu ay “Taliban” hərəkatı Əfqanıstanda hakimiyyəti tamamilə ələ keçirib.

Avqust ayı şimal yarımkürəsi ölkələrində meşə yanğınları kimi yadda qalıb. Xüsusilə də Türkiyə, Yunanıstan, İtaliya, Fransa və Əlcəzairi əhatə edən yanğınlar zamanı minlərlə hektar meşə sahələri yanaraq külə dönüb, çox sayda ölənlər olub. Bu ay ərzində ABŞ-ın Kaliforniya ştatında da güclü yanğınlar baş verib.

Sentyabrda Avropanı siyasi baxımdan ikiyə bölən “Şimal axımı 2” layihəsi başa çatıb. Bu xətlə 55 milyard kubmetr rus qazının Almaniyaya nəqli nəərdə tutulub.

Sentyabrda həmçinin Qərb blokunda ilk dəfə sualtı qayıq böhranı baş verib. Fransa, Avstraliyanın onlardan alaçağı sualtı qayıq sazişini ləğv etməsinə cavab olaraq, Vaşinqton və Kanberradakı səfirlərini geri çağırıb.

Bu ay İspaniyanın Kanar adaları qrupuna daxil olan La Palma adasında 50 illik fasilədən sonra aktivləşən Kumbre Vieja vulkanı 3 ay boyunca kül və lava püskürüb.

Sentyabrda Almaniyada keçirilən parlament seçkilərini Sosial Demokratlar qazanıb. Həm də ilk dəfə olaraq bu seçkilərdə birinci çıxan partiya ümumi səslərin 31 faizdən çoxunu alıb. Bundan əlavə, ötən seçkidə 14 olan Türkiyə əsilli deputat sayı da artaraq 18-ə yüksəlib.

Oktyabrda Fars körfəzinin ərəb ölkələri ilə Livan arasında böhran yaşanıb. Səudiyyə Ərəbistanı Livandan olan bir nazirin ittihamına qəzəblənərək bu ölkə ilə iqtisadi-ticarət əlaqələrini dayandırıb, Livan səfirini ölkədən qovub və sair. Körfəz ərəb ölkələri də Ər-Riyada dəstək olaraq öz səfirlərini Livandan geri çağırıblar.

Oktyabrda həmçinin Türkiyədə unudulmaz Osman Kavala böhranı yaşanıb. 10 ölkənin səfiri toplanaraq Ankaradan həmin şəxsi qeyd-şərtsiz azad etməsi üçün tələb irəli sürüb. Buna cavab olaraq, prezident Rəcəb Tayyib Ərdoğan XİN-ə həmin səfirləri arzu olunmayan şəxs elan etməyi və ölkədən qovmağı tapşırıb və səfirlər sözlərini geri götürüblər.

Noyabrda Polşa-Belarus sərhədlərində miqrant böhranı yaşanıb.

Bu ay ərzində həmçinin dünyada sürətlə yayılan koronavirusun “Omikron” variantı ortaya çıxıb. İlk olaraq CAR-da təsbit edilmiş virus hazırda dünyada çox sürətlə yayılaraq yeni dalğa yaradıb.

Dekabrda Nyu Yorkda yerləşən Jurnalistlərin Müdafiəsi Komitəsinin (CPJ) yayımladığı illik hesabatda, 2021-ci ildə 293 jurnalistin həbs olunduğu bildirilib. Bu da ötən dövr ərzində rekord say deməkdir.

Dekabrda ABŞ, İngiltərə və Avstraliyanın Pekində keçiriləcək Qış Olimpia oyunlarını baykot qərarına Kanada da qoşulub.

Dekabrda bütün dünyanın üz-gözünün alışdığı Almaniyanın xanım kansleri Angela Merkelin kansler kimi fəaliyyəti başa çatıb. Onu bu postda Sosial Demokrat Partiyasından millət vəkili və ölkənin maliyyə naziri Olaf Scholz əvəz etməyə başlayıb.

Qeyd edək ki, 2005-ci ildə kansler seçilmiş Merkel, Almaniyada 16 il 16 günlə Helmut Koldan sonra ən uzun müddət baş nazir olan ikinci şəxs kimi tarixə düşüb...

Oxunma sayı 1041