Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VTsİOM) ölkənin hazırda “demoqrafik payız” mərhələsində olduğunu və lazımi tədbirlər görülməsə, yaxın gələcəkdə “demoqrafik qışa” girəcəyini açıqlayıb. VTsİOM-un baş direktoru Valeri Fyodorov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda verdiyi açıqlamada vəziyyətin ciddiliyinə diqqət çəkərək demoqrafik böhrandan çıxmaq üçün üç həll yolu təklif edib: ömrün uzadılması, doğum nisbətinin artırılması və miqrasiya ilə bağlı sosial addımların atılması.
Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, Fyodorov, demoqrafik tarazlıq üçün gözlənilən ömür uzunluğu və məhsuldarlıq kimi iki əsas göstərici ilə yanaşı, miqrasiyanın da kritik olduğunu bildirib. Bununla belə, Rusiya cəmiyyətində miqrasiya fenomeninin hələ də “tabu” kimi qəbul edildiyini vurğulayan Fyodorov “Cəmiyyətimiz bu axının artmasını istəmir” deyib. Həmin sessiyada çıxış edən VTsİOM Fondunun baş direktoru Konstantin Abramov doğum nisbətlərinin artırıla bilməməsinin əsas səbəbinin vətəndaşların öz şəxsi həyatlarına üstünlük vermələri olduğunu müdafiə edib. Abramov bildirib ki, bu gün uşaq sahibi olmaq şəxsi azadlığı məhdudlaşdıran amil kimi qəbul edilir.