“Gələcək 5 ildə bütün imtahanların elektron şəkildə keçirilməsini nəzərdə tuturuq”.
Hafta.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.

Onun sözlərinə görə, bu, bir tərəfdən yaxşı hal olsa da, müəyyən problemlər yaradır:
“Belə sistem bütün dünyada mövcuddur. Amma bəzi imtahanlarda müəyyən dələduzluq məsələləri olur. Elektron formaya keçəndə belə halların olmasını istəmirik. Məhz buna görə də bu sistemə yavaş-yavaş keçid edirik”.
"Bu, əhəmiyyətli islahat kimi qiymətləndirilə bilər"

Təhsil eksperti Kamran Əsədov bildirib ki, imtahanların rəqəmsallaşdırılması və elektron formada keçirilməsi təhsildə qiymətləndirmə prosesinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından əhəmiyyətli islahat kimi qiymətləndirilə bilər:
“Azərbaycanda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən atılan addımlar həm müsbət, həm də riskli tərəfləri ilə ciddi təhlil tələb edir. Elektron imtahanlar ənənəvi kağız formatlı imtahanlardan fərqli olaraq, şəffaflığı və səmərəliliyi artırmaq məqsədi daşıyır. Lakin bu prosesin həyata keçirilməsi üçün texnoloji, hüquqi və sosial aspektlərdə bir sıra dəyişikliklər və uyğunlaşmalar zəruridir.
Statistik məlumatlara əsasən, 2023-cü ildə DİM tərəfindən keçirilən qəbul imtahanlarında 100 mindən çox abituriyent iştirak edib. Bu qədər geniş miqyaslı imtahanların rəqəmsal platformaya keçirilməsi texniki baxımdan böyük bir çağırışdır. İmtahanların elektronlaşdırılması resurslardan səmərəli istifadəni təmin etməklə yanaşı, həm də nəticələrin operativliyini artırır. Lakin burada əsas məsələ regionlar arasında texnoloji bərabərsizlik və bu keçidin təhsilin keyfiyyətinə təsiridir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2-ci maddəsinə əsasən, təhsil prosesində texnologiyaların tətbiqi təhsilalanların bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi üçün təminat yaratmalıdır. Elektron imtahan sistemi bu qanunun tələblərinə uyğun olaraq obyektivliyin artırılmasında mühüm rol oynaya bilər”.
Ekspert əlavə edib ki, rəqəmsallaşmanın müsbət tərəflərindən biri şəffaflığın təmin olunmasıdır:
“Elektron sistemlər vasitəsilə imtahan sualları avtomatik təsadüfi şəkildə seçilir, cavablar isə insan müdaxiləsi olmadan qiymətləndirilir. Bu, imtahan prosesində subyektivliyə və korrupsiya riskinə son qoyur. Məsələn, hazırda elektron imtahanlar daha kiçik miqyaslı sertifikatlaşdırma proseslərində sınaqdan keçirilib və obyektivliyin təmin olunmasında müsbət nəticələr əldə edilib. Beynəlxalq təcrübədə də bu metodun effektivliyi sübut olunub. Estoniya kimi rəqəmsal idarəetmədə lider ölkələrdə artıq orta və ali təhsil səviyyəsində imtahanların böyük hissəsi rəqəmsallaşdırılıb və bu yanaşma dövlətin və təhsilalanların xərclərini əhəmiyyətli dərəcədə azaldıb. Lakin Azərbaycanda bu keçidin tətbiqi zamanı nəzərə alınmalı olan bir neçə mənfi amil də var. Əsas problemlərdən biri texniki infrastrukturun qeyri-bərabərliyidir. Regionlarda, xüsusilə ucqar kəndlərdə internet bağlantısının keyfiyyəti və kompüter texnologiyalarının əlçatanlığı kifayət qədər zəifdir. Bu, imtahan iştirakçıları arasında bərabərsizliyə səbəb ola bilər. 2021-ci ilin statistik məlumatlarına görə, Azərbaycanın internet istifadəçilərinin 78 faizi genişzolaqlı internetə malikdir, lakin bu rəqəm daha çox şəhər yerlərinə aiddir. Kənd yerlərində isə bu göstərici xeyli aşağıdır. Bu şərtlərdə rəqəmsal imtahanların tətbiqi texnoloji resursların bütün ölkə üzrə balanslı şəkildə artırılmasını tələb edir. Digər bir problem kibertəhlükəsizlik və məlumat məxfiliyi ilə bağlıdır. Elektron sistemlərin tətbiqi ilə birlikdə sualların sızdırılması, nəticələrin manipulyasiyası kimi risklər artır. Bu cür halların qarşısını almaq üçün müasir şifrələmə sistemlərinin tətbiqi, məlumatların qorunması üçün beynəlxalq standartlara uyğun mexanizmlərin yaradılması vacibdir. Bu istiqamətdə “Məlumatların mühafizəsi haqqında” Azərbaycan qanunvericiliyi də yenidən nəzərdən keçirilməlidir ki, rəqəmsal imtahan sistemində şəffaflıq və məxfiliyin qorunması təmin edilsin. Azərbaycanın bu istiqamətdə irəliləyişi üçün elektron imtahan sisteminə keçid yalnız texniki yeniliklərlə məhdudlaşmamalıdır. Prosesin uğurla həyata keçirilməsi üçün həm də regionlarda internet və kompüter təminatı gücləndirilməlidir, müəllim və şagirdlər üçün rəqəmsal bacarıqları artıracaq təlimlər təşkil olunmalı, kibertəhlükəsizlik və məlumat məxfiliyi üzrə beynəlxalq təcrübəyə əsaslanan tədbirlər görülməli, sistem sınaq mərhələsində kiçik miqyaslı tətbiq olunaraq nəticələr analiz edilməli və problemlər aradan qaldırılmalıdır. Bu tədbirlər həyata keçirilərsə, elektron imtahan sistemi təhsil sahəsində yeni bir mərhələnin başlanğıcı ola bilər. Bu yanaşma, həmçinin, təhsildə şəffaflığı təmin etməklə bərabər, ölkənin rəqəmsal transformasiyasına töhfə verəcəkdir. Lakin bu keçidin bütün iştirakçılar üçün ədalətli və effektiv olması üçün problemlərin qabaqcadan proqnozlaşdırılması və həlli istiqamətində ciddi addımlar həyata keçirilməlidir”.
"Belə imtahanların üstünlüyü odur ki..."

Təhsil eksperti Elçin Əfəndi deyib ki, təhsil sahəsində müasir çağırışlara, yeniliklərə mütləq adekvat cavab verilməlidir:
“Fikrimcə, dövlətin təhsil siyasətində məhz kağız daşıyıcılardan imtina, o cümlədən ekologiyaya daha çox töhfə verməsi başlıca olaraq prioritet məsələlərdən biri kimi nəzərə alınır. Təsadüfi deyil ki, ötən il ölkəmiz COP29 kimi beynəlxalq və mühüm bir tədbirə ev sahibliyi etdi. Azərbaycan dünyada baş verən qlobal ekoloji problemlərin qarşısının alınması ilə bağlı müəyyən qərarlar qəbul edir. Əlbəttə ki, dünyanın inkişaf etmiş ölkələrində artıq bu təcrübədən geniş istifadə olunur, bütün imtahanlar onlayn qaydada keçirilir. Belə imtahanların üstünlüyü odur ki, cavablar daha tez elan olunur, 3-4 müddət tələb edilmir. İmtahan başa çatdıqdan dərhal sonra namizədlər öz nəticələri ilə tanış ola bilirlər. Təbii ki, qarşıdakı dövr ərzində Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyi ilə paralel olaraq təkcə elektron binada deyil, eyni zamanda, başqa təhsil müəssisələrində də komputerləşməni tam həyata keçirəndən sonra elektron imtahanların keçirilmə imkanı olan təhsil müəsissələrində kütləvi olaraq onlayn imtahanlar keçirməyə başlayacaqlar. Bundan sonra isə gələcəkdə həm buraxılış, həm də blok imtahanlarını elektron qaydada keçirildiyinə şahid olacağıq”.