“Əli Şəmsinin əsərləri təbiətə vurğunluğunu təcəssüm etdirir” – Edqars Skuya

21:35 17.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün tanınmış rəssam Əli Şəmsinin rəsm əsərlərindən ibarət “Bir səmanın altında: Qafqaz dağlarından Baltik dənizinə qədər” adlı sərginin açılışı olub.

Hafta.az yazır ki, Latviyanın ölkəmizdəki Səfirliyinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə əməkdaşlığı ilə açılan və Latviya ilə yanaşı Macarıstan, Fransa, Meksika, Estoniya kimi ölkələrin səfirləri və diplomatları, media mənsublarının iştirak etdiyi təsbirdə çıxış edən Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya rəssam Əli Şəmsinin yaradıcılığından söz açıb. Bildirib ki, səfirlik olaraq Əli Şəmsinin qalereyası və onun yaratdığı rəsm əsərləri ilə tanışdırlar, hatta zaman-zaman Latviyadan Bakıya qonaq gələn həmvətənləri səfirliyə baş çəkərkən Əli Şəmsinin qalereyasında olduqlarını bildirirlər.

“Əli Şəmsi haqqında nə deyə bilərəm? O, Azərbaycan müasir incəsənətinin nümayəndələrindən biridir. Onun əsərləri vətəninin ecazkar gözəlliyinə, təbiətinə vurğunluğunu təcəssüm edir. O, əsərlərini xüsusilə yağlı boya ilə işləyir və təbii ki, burada metafora özünü əks etdirir. Əli Şəmsinin əsərləri dünyanın bir çox ölkələrinin qalereyalarında sərgilənib və həm ziyarətçilər, həm də tənqidçilər tərəfindən çox yaxşı qarşılanıb. 1985-ci ildən Azərbaycan Rəsamlar İttifaqının üzvü olan Əli Şəmsinin əsərləri, bayaq qeyd etdiyim kimi, bir çox ölkələrdə - Almaniya, ABŞ, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa və əlbəttə, Latviyada sərgilənib. Əsərləri məhz bu qədər geniş coğrafiyada sərgiləndiyi üçün deyə bilərik ki, Əli Şəmsi beynəlxalq arenada tanınmış rəssamdır” deyən səfir qeyd edib ki, bu gün tamaşasına toplaşdığımız sərgi heç də bildiyimiz ənənəvi sərgilərdən deyil.

“Əli Şəmsi Riqaya səfərdən qayıtdıqdan sonra Latviyanın təbii gözəlliyindən ilhamlanaraq yaratdığı 54 rəsm əsərini burada təqdim edir. Bu sərgi həm də öz-özlüyündə Qafqaz dağlarından Baltik dənizinədək olan geniş coğrafi ərazini əks etdirir”, - deyə səfir Edqars Skuya çıxışını tamamlayıb.

Daha sonra qısa çıxış edən rəssam Əli Şəmsi bildirib ki, incəsənətin sərhədi olmur.

“İncəsənətin gücü ondadır ki, ölkələri - bütün dünyanı birləşdirir. Evdə insanlar gərgin olanda məhz divardakı rəsm əsərlərina tamaşa etməklə rahatlanırlar. Hər bir rəsmin ruhən bağlı olduğu öz sahibi var, onlar arzu-diləklərini rəsmə danışır və rəsm də onları heç vaxt ümidsiz qoymur. Fikrimcə, nə qədər ki, dünyada sənət var, rəsmlər var, yaşamağa dəyər. Mən Latviyada valeh olduğum yaşıl təbiəti Abşeronun qumsal çölləri ilə müqayisə elədim və öz əsərlərimdə qumsal çöllərin istisi ilə yaşıl təbiətin vəhdətini yaratmağa çalışdım” deyə Əli Şəmsi qonaqları rəsmlərlə tanış olmağa dəvət edib.

Xatırlama üçün qeyd edək ki, 1964-cü il doğumlu Əli Şəmsi Azərbaycan müasir incəsənətinin öz sözünü demiş nümayəndələrindəndir. Onun əsərləri zəngin rənglər və dərin emossionallığı ilə seçilir. Yağlı boya üzrə ixtisaslaşan rəssam, simvol və metaforalarla dolu kətan üzərində mürəkkəb kompozisiyalar yaradır.

Əli Şəmsi tanınmış rəssam olaraq, Azərbaycanı dünyanın bir çox mötəbər sərgilərində uğurla təmsil edib.