Azərbaycanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar artıb. Belə ki, bu ilin yanvar-iyul aylarında dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 19,3 milyon manat vəsait daxil olub. Bu da proqnozdan 47,7 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 38,9 faiz çoxdur. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir. Məlumata görə, 7 aylıq daxilolmaların 3,6 milyon manatı qeyri-yaşayış sahələrinin, 15,7 milyon manatı isə torpaq sahələrinin icarəsi hesabına təmin edilib. Hesabat dövründə 1 915 yeni icarə müqaviləsi bağlanılıb ki, bu da 1 il əvvələ nisbətən 15 faiz azdır. İcarə müqavilələrinin 418-i qeyri-yaşayış sahələrinə, 1 497-i isə torpaq sahələrinə aid olub. Bunlar isə illik müqayisədə müvafiq olaraq 16 faiz və 14,7 faiz azdır.
Bəs, görəsən ən çox gəlir gətirən dövlət əmlakları kateqoriyasına nələr daxildir? Dövlət əmlakının icarəsi, yoxsa özəlləşdirilməsi daha məqsədəuyğundur?
Mövzu ilə bağlı iqtisad elmləri doktoru, professor Əli Əlirzayev bildirib ki, bu gün dövlətə məxsus əmlakların kateqoriyası qədər genişdir: “Bu kateqoriyaya ölkədəki təbii sərvətlərdən tutmuş müxtəlif istiqamətlərdə fəaliyyət göstərən dövlət müəssisələri, qeyri-yaşayış və yaşayış sahələri aiddir. Hazırda dövlət bu kateqoriya üzrə həm icarədən, həm də özəlləşdirmədən gəlir əldə edir. Amma hesab edirəm ki, dövlətin bəzi sahələri özəlləşdirməsi daha məqsədəuyğun olar. Düzdür, dövlət özü sahibkar ola bilər, lakin get-gedə dövlətin payı azaldılmalıdır və əslində bazar iqtisadiyyatı üçün dövlətlə rəqabət aparan sahələr daha inkişaf etdirilməlidir”.
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə deyib ki, dövlət əmlakının icarəsindən büdcəyə daxilolmaların artması bu sahəyə nəzarətin gücləndirilməsi ilə bağlıdır: “Əvvəllər bu istiqamətdə müəyyən qədər pərakəndəlik müşahidə olunurdu. İndi isə bu sahəyə nəzarət xeyli artırılıb, qeyri-qanunu zəbt olunan dövlət əmlakları dövlətə geri qaytarılıb və həmin əmlaklar mövcud qanunvericiliyə uyğun olaraq icarəyə verilib. İcarəyə verilən əmlakların strukturuna baxanda görürük ki, ən çox icarə müqaviləsi torpaq sahələri üzrə bağlanılıb. İkinci yerdə isə qeyri-yaşayış sahələri dayanır”.