İyunun 8-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 85 nəfərlik koalisiyanın 30-a yaxın xarici işlər naziri, eləcə də çox sayda yüksək vəzifəli rəsmilərin iştirakı ilə İŞİD-ə qarşı Beynəlxalq Koalisiyanın Nazirlər Toplantısı keçiriləcək.
Hafta.az-ın yazdığına görə, ötən ilin dekabrında DEAŞ-a qarşı Beynəlxalq Koalisiyanın Siyasi Direktorlarının Haaqada keçirilən toplantısında iştirak edərkən Səudiyyə Ərəbistanı koalisiyanın 2023-cü il üçün növbəti nazirlər toplantısına ev sahibliyi edəcəyini açıqlamışdı.
Ər-Riyad həmçinin bu qərarın Səudiyyə Ərəbistanının hər cür terror birləşmələri ilə mübarizədə beynəlxalq səyləri və bu birləşmələrlə mübarizədə beynəlxalq əməkdaşlığa dəstək rolu çərçivəsində qəbul edildiyini vurğulayıb.
İŞİD-ə qarşı Beynəlxalq Koalisiya da Səudiyyə Ərəbistanının növbəti nazirlər toplantısına ev sahibliyi edəcəyi ilə bağlı açıqlamanı alqışlayıb.
Səudiyyəli mənbə DPA-ya deyib: "Bəzi üzv dövlətlərin terror təhlükələrinə qarşı mübarizə üzrə Beynəlxalq Koalisiya iclasının üzvləri tərəfindən müəyyən ediləcək digər ölkələrə maliyyə yardımı göstərməsi gözlənilir".
Beynəlxalq Koalisiyanın açıqladığı statistikaya görə, Səudiyyə Ərəbistanı koalisiyanın ən mühüm qurucu üzvlərindən biridir.
Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələri Suriyada koalisiyanın hava hücumlarına dəstək olaraq indiyədək ümumilikdə 341 döyüş uçuşu həyata keçirib.
2018-ci ilin avqustunda Səudiyyə Ərəbistanı Suriyanın şimal-şərqində İŞİD-dən azad edilən ərazilərdə sabitləşdirmə layihələrini dəstəkləmək üçün İŞİD-ə qarşı Beynəlxalq Koalisiyaya 100 milyon dollar töhfə verdiyini açıqlamışdı.
Bu arada, İŞİD-lə Mübarizə üzrə Beynəlxalq Koalisiya rəsmilərinin sözlərinə görə, Ər-Riyad azad edilmiş ərazilərdə koalisiyaya ən böyük töhfəni verib və Koalisiyanın yerli icmaları canlandırmaq səylərində mühüm rol oynayır.
Səudiyyə Ərəbistanının töhfəsi Rakka şəhərində dağıntıların, eləcə də dolanışıq vasitələrinin və səhiyyə, kənd təsərrüfatı, elektrik, su, təhsil və nəqliyyatda əsas xidmətlərin çıxarılması layihələrinə yönəlib.
Ər-Riyad DEAŞ-ın terror hücumlarından zərər çəkənlərə istifadə edilməsi üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına 500 milyon dollar ayırıb.
İŞİD-lə Mübarizə Beynəlxalq Koalisiyanın sözçüsü Rachael Jeffcoat mətbuata açıqlamasında “2022-ci ildə həyata keçirilən əməliyyatlarda 600-dən çox DEAŞ üzvü öldürülüb. Bu il keçirilən əməliyyatlarda 374 təşkilat üzvü yaxalanıb. Beynəlxalq Koalisiya 2023-cü il ərzində İŞİD-ə daha çox təzyiq göstərmək üçün tərəfdaşlarını dəstəkləməyə davam edəcək. 2014-cü ildə Suriya və İraqda geniş ərazilərə nəzarəti ələ keçirən DEAŞ ilk məğlubiyyətini 2017-ci ildə İraqda yaşadı. Sonra 2019-cu ildə Suriyada nəzarəti altında olan bütün əraziləri itirdi. Lakin 2022-ci ilin mayında İŞİD-ə qarşı Beynəlxalq Koalisiya təşkilatın hələ də təhlükə yaratdığını vurğulayaraq Suriya və İraqda ona qarşı müharibənin davam etdiyini bəyanlayıb. İraq və Suriyadakı Beynəlxalq Koalisiya Qüvvələrinin baş komandanı general Metyu Makfarleyn son açıqlamasında “2023-cü ilin əvvəlindən aprelin ilk həftəsinə qədər İraqda hücumların sayını 68 faiz azaltdıq" deyib.
Xatırladaq ki gözdən gizlənən təşkilat üzvləri Suriya və İraqda təhlükəsizlik qüvvələrinə qarşı məhdud da olsa hücumlarını davam etdirir. Digər ölkələrdəki hücumların məsuliyyətini də öz üzərinə götürən təşkilat, intellektual və mədəni səviyyədə bir çox cəmiyyətlər üçün davamlı təhlükə yaratmaqdadır.