Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına üzv 27 ölkənin və əlavə dəvət olunan 17 dövlətin liderlərinin Zirvə toplantısında iştirak etmək üçün 6-7 oktyabr tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində olacaq. Əsas məsələ – cənab Ərdoğan bu gün Bakı vaxtilə axşam saat 8-də Praqa qalasında Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Təbii ki, iki lider arasında ilk dəfə baş tutacaq üzbəüz görüşdə danışıqların əsas mövzusu bölgədə sülhün bərqərar olmasına dair məsələlər, xüsusilə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, qarşılıqlı ərazi bütövlüyünün tanınması, Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması və sair olacaq. İndi çoxları tərəflərin müsbət nəticəyə nail ola biləcəyinə dair fikirlər səsləndirirlər. Hətta oktyabrın 4-də Azərbaycan tərəfinin ABŞ-ın vasitəçiliyi ilə 17 erməni hərbi əsiri Ermənistana təhvil verməsini də görüş öncəsi rəsmi Bakıdan danışıqlara dəstək addımı kimi dəyərləndirilir.
Ümumiyyətlə, Türkiyə Prezidentinin Ermənistan hökumətinin başçısına təsir etməsi mümkündürmü? Birmənalı şəkildə – bəli. Rəcəb Tayyib Ərdoğan son zamanlar bir sıra regional və beynəlxalq siyasi-hərbi-iqtisadi proseslərdə əvəzsiz rol oynayıb və bu, dünya tərəfindən alqışlanıb. Məsələn, qlobal taxıl probleminin həlli üçün Rusiya lideri Vladimir Putini Ukrayna taxılını dünya bazarına çıxarmaq məqsədilə Qara dənizdə yük gəmilərinə təhlükəsiz dəhlizin açılmasına razı salıb. Nəticəsi də budur ki, elə oktyabrın 3-nə olan məlumata əsasən, həmin razılaşma nəticəsində 6 milyon tondan artıq taxıl və digər məhsullar dünya bazarına daşınıb. Ukraynalı və rusiyalı əsirlərin qarşılıqlı dəyişdirilməsi də cənab Ərdoğanın diplomatiyasının qələbəsidir. Bundan əlavə, Ərdoğanın Suriya, Liviya, Əfqanıstan, Somali və sair kimi münaqişəli ölkələrdə sülhün və insanların humanitar durumunun yaxşılaşması mühütünün yaranmasında böyük rol oynayıb. Əlbəttə, bu proseslərdə qüdrətli Türkiyə dövlətinin və qüclü şəxsi xarizmanın, liderlik xüsusiyyətlərinin rolu misilsizdir. Eyni zamanda, Türkiyənin arxasında dayanan Azərbaycanın və digər türk dünyasının rolu da nəzərdən qaçırılmamalıdır.
Azərbaycan 44 günlük Şanlı Vətən müharibəsindən sonra qalib ölkə olaraq Cənubi Qafqazda əvvəlki lider dövlət mövqeyini daha da gücləndirib. Bu gün Azərbaycan Ermənistanın dövlət müstəqilliyinə zidd heç nə etmir, əksinə, rəsmi İrəvana başa salmağa çalışır ki, sülh sazişini imzalamaqla daxilində baş qaldıran iqtisadi-sosial problemləri və onlardan qaynaqlanan sosial narazılıqları yoluna qoya bilər. Amma heç kimə sirr deyil ki, Ermənistanda mövcud olan fərqli daxili qüvvələr Azərbaycanın çağırışına və Türkiyənin sülh təkliflərinə nəinki birmənalı cavab vermirlər, hətta qarşı çıxırlar. Məsələn, keçmiş prezident Robert Köçəryan yenə də Qarabağ kartını oynayaraq Ermənistanda hakimiyyətə gəlmək istəyir. Paşinyan da iqtidarı asanlıqla tərk etmək fikrində deyildir. Bu rəqabətin təsiri isə məhz küçədə – insanların aksiyalarında hiss edilməkdədir. Yəni hələ ki, ölkə ictimaiyyəti arasında fikir birliyi yoxdur, erməni xalqı sülh istəyir, yoxsa qonşularına nifrət aşılamaq yolunu seçir, bəlli deyil. Hələ bu azmış kimi, son vaxtlar Fransa və ABŞ-ın siyasi çevrələri tərəfindən Minsk Qrupunu dirçəltmək cəhdlərinin edilməsi, Ermənistan iqtidarının başda Paşinyan olmaqla, fərqli üzvlərinin ikigündən bir Parisdə, Vaşinqtonda görüşlər keçirməsi və hər dəfə də getdikləri yerdən “odlu-alovlu” qayıtmaları bölgədə sülhün yaranmasını ləngidir. Çox güman ki, Türkiyə prezidenti bütün bu hallara Praqa görüşündə aydınlıq gətirməyə çalışacaq.
Bu yerdə qeyd edək ki, Ermənistan Türkiyəyə qarşı da ərazi iddiaları irəli sürür, hələ qondarma soyqırımın tanınması, maddi təzminat iddialarını demirəm. Demək, indiki mürəkkəb qlobal geosiyasi şəraitdə Ermənistanın varolma, dövlət olaraq yaşama şansları qonşuları ilə münasibətdən asılıdır. Fikir verin: Ermənistan rəhbərləri bir gün Parislə danışır, səhəri Moskva ilə və ya hansısa rusiyalı siyasətçi ilə görüş olur, sabahı Vaşinqtonla eyni görüşü keçirirlər. Ermənistan rəhbərliyi sanki bir-birinə rəqib və hətta düşmən olan güclər arasında vurnuxurmuş kimi, kiminlə əlaqə saxlasın, kimə tərəf yıxılsın, bilmir. Bu cür qeyri-sabit siyasət yürütdüyü üçün qonşuları ilə də normal münasibət qura bilməyən Ermənistan öz davranışı ilə gələcəyini şübhə altına salır. Bütün bunlara baxmayaraq, Türkiyənin mövqeyi aydındır, qətidir və Ermənistanın dövlət maraqlarına da tam uyğundur. Bu mövqe nədən ibarətdir – qonşu ölkələrə ərazi iddialarından əl çəkin, mehriban qonşuluq siyasəti yürüdün, kimsənin daxili işlərinə qarışmayın və sair.
Paşinyan Praqaya gedərkən onu da nəzərə almalıdır ki, indiyədək Ermənistanı dəstəkləyən qüvvələrin özləri hazırda çətinliklə üz-üzədir. Məsələn, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra dünyadan təcrid olunub, iqtisadiyyatı çöküb, hərbi qüvvələri nüvə silahının sərhədinədək tənəzzülə uğramaqdadır və sair. Fransada və ümumiyyətlə, Avropa ölkələrində Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı tutduğu mövqe üzündən çox ciddi enerji böhranı yaranıb, infilyasiya, insanların yaşam şərtlərinin xeyli pisləşməsi, iqtisadiyyatda bir-birinə zəncirvari bağlı olan çökmələr baş alıb gedir. Okeanın o tayındakı ABŞ-a gəlincə, başı Rusiya ilə yanaşı Çinə qarışıb. Yəni ermənilərin hamisi olan adıçəkilən dövlətlərin pafoslu vədlərinə arxalanmaq lazım deyil, heç “ilana zəhər verən kərtənkələdən” – İrandan da heç nə gözləməməlidir, çünki 18 gündür bu ölkədə yaşanan daxili ictimai-siyasi vəziyyəti görüb-eşidirlər. Tək çıxış yolu qalır: Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmaq. Çünki Ermənistanın Şərqə yolu Azərbaycandan, Qərbə isə Türkiyədən keçir. Bunu nəzərə alsaq çox güman ki, Nikol Paşinyan Ərdoğanla görüşə sakit, üzüyola şəkildə gedir və hətta hamımızın gözlədiyi müsbət nəticələrin olması da gözləniləndir.
Türkiyə Prezidentinin Paşinyanla görüşünün gələcək yekunlarına pozitiv yanaşmanı nəzərə alsaq ortaya belə bir sual çıxır: yaxın gələcəkdə Paşinyanla prezident İlham Əliyev arasında birbaşa görüş keçirilə bilərmi? Ərdoğan-Paşinyan görüşünün nəticələri arzulandığı kimi alınsa, təbii ki, bəli. Düzdür, hazırda dünya siyasi kluarlarında belə bir görüşün baş tutacağına dair müzakirələr, şərhlər eşidilmir. Hadisələr çox sürətlə inkişaf edir və hər şey ola bilər. Zatən, Azərbaycanın iki ölkə arasında sülh sazişini başlamaq üçün yerinə yetirilməsi lazım olan 5 bəndlik şərtlər İrəvana məlumdur və təbii ki, Ankara da həmin şərtlərə istinad edərək siyasət yürüdür.