“Ərdoğanın qələbə qazanması Kreml üçün niyə maraqlıdır?"

09:30 26.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransanın "Agence France Press" (AFP) xəbər agentliyi sayılı günlər qalan 28 may seçkilərinin təhlilini dərc edib.

Hafta.az-ın yazdığına görə, “Ukrayna, Suriya, NATO: Ərdoğanın qələbə qazanması üçün Kremlə nə üçün lazımdır?” başlıqlı təhlildə deyilir ki, “Seçkilərin qalibi Rusiyanın Ukraynadakı genişmiqyaslı hərbi əməliyyatları, Suriyadakı müharibə və Kremlin NATO ilə münasibətlərinin dalana dirənməsi kimi Moskva üçün vacib olan sahələrdə təsir gücünə malik olacaq”.

“Türklər bazar günü keçiriləcək tarixi prezident seçkilərində səs verəcək və ekspertlərin fikrincə, Kremldə uzun müddət ölkəni idarə edən Ərdoğanın qalib gələcəyinə ümid edirlər” şərhinin yer aldığı təhlildə ittihamlar Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunun Rusiyaya ünvanladığı “seçkilərə müdaxiləni” xatırladılıb: “Ərdoğan Kreml üçün son 20 ildə Rusiya prezidenti Putinlə yaxından əməkdaşlıq edən tanınmış bir şəxsdir. Kamal Kılıçdaroğlu isə kor-koranə Moskvanı seçkilərə müdaxilədə ittiham edir”.

Prezident Rəcəb Tayyib Ərdoğanın CNN-ə verdiyi müsahibəyə istinad edən AFP, Ərdoğanın açıqlamalarına işarə edib. Ərdoğan, “Rusiya və Türkiyənin mümkün olan hər sahədə bir-birinə ehtiyacı var” demişdi.

Moskva-Ankara münasibətlərini şərh edən müstəqil politoloq Arkadi Dubnov “Onlar siyasi mentalitet, üslub və xarici dünya ilə münasibətləri baxımından bir-birinə inanılmaz dərəcədə bənzəyirlər. Onların hər ikisi Qərbin liberal dəyərlərinə səmimi olaraq xor baxır” deyib.

Kremlə yaxın xarici siyasət eksperti Fyodor Lukyanov deyib: "Onların maraqlarının kəsişmədiyi çoxlu ziddiyyətlər var. Amma iki lider arasında şəxsi və uzunmüddətli əlaqələr çox faydalıdır. Onlar bir çox fərqli məsələlərdə irəliyə doğru yol tapırlar".

Adı açıqlanmayan qərbli diplomat deyib: “Onlar maraqları üst-üstə düşəndə ​​birlikdə işləyirlər. Ərdoğanla Putin arasında heç bir “qardaşlıq” yoxdur, bu, sırf kommersiya münasibətidir. Rusiya birinci turdan sonra rahat nəfəs alıb”.

“Analitiklər Qərbə rəğbət bəsləyən Kılıçdaroğlunun qələbəsinin mövcud əlaqələri təhdid edə biləcəyi qənaətindədir” kimi qiymətləndirmənin yer aldığı təhlildə Ərdoğanın münasibətlər baxımından “proqnozlaşdırıla bilən tərəfdaş” olduğu bildirilib.

Oxunma sayı 315
Siyasət rubrikasından digər xəbərlər