Ət bahalaşır, idxalı artır

16:10 25.05.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu ilin  4 ayında. Belə ki, statistik məlumatlara görə, bu ilin yanvar-aprel ayında Azərbaycana xaricdən 24 milyon 936 min dollar dəyərində 14 261 ton ət idxal edilib. Nəticədə 2022-ci ilin eyni ayları ilə müqayisədə ət idxalı dəyər ifadəsində 18 faiz, miqdar ifadəsində isə 16.5 faiz artıb. Xatırladaq ki, ötən ilin 4 ayında Azərbaycana 21 milyon 145 min dollar dəyərində 12 239 ton ət idxal edilmişdi. Bu il 1 ton ətin gömrük rəsmiləşdirilməsi qiymətində də artım var. Bu rəqəm  1728 dollardan 1749 dollara yüksəlib (21 dollar artım). Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.47 faizini təşkil edib.

Bəs, görəsən, həm yerli, həm də idxal ətinin bahalaşmasına səbəb nədir? Bu istiqamətdə bahalaşma davam edəcəkmi? Ət bazarında ucuzlama nə vaxtdan müşahidə ediləcək?

Məsələni qəzetimizə şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda ətin durmadan bahalaşması təxminən 2015-ci ildən başlayan prosesin nəticəsidir: “Çünki 2015-ci ildən Azərbaycanda heyvandarlıq sahələri alınaraq pambıq sahələrinə çevrildi. Pambıq strateji məhsul kimi dəyərləndirildi və onun əkin sahələrinin genişləndirilməsinə diqqət yetirildi. Bütün otlaq sahələri, hətta bəzən taxıl sahələri belə, aradan qaldırıldı və yerində pambıq əkildi. Ona görə də ölkədə ət istehsalı getdikcə zəiflədi”.

Ekspert ötən dövr ərzində hökumətin heyvandarlığın inkişafına dəstəyinin olmadığını da vurğulayıb: “Məsələn, bitkiçilik - taxıl əkmək, digər məhsulları becərmək üçün fermerlərə az-çox dotasiya verilir. Hələ həmin dotasiyanın azlığından, hesabatlılığın olmamasından söz açmıram. Hər halda müəyyən qədər bu sahəyə dotasiyanın verilməsini əsas götürürəm. Çünki heyvandarlıq sahəsində heç o da yoxdur. Yalnız özünüməşğulluq proqramı çərçivəsində müəyyən rayonlarda heyvandarlıq fermerlərinin sayı bir qədər artırılıb. Yəni ət idxalının son illər artması ölkə daxilində heyvandarlığın zəifləməsiylə bağlıdır. Doğrudur, ölkə mətbuatında, televiziyalarda qeyri-neft sektorunun inkişafından kifayət qədər danışılır”.

İqtisadçı kənd təsərrüfatını ayağa qaldırmaq üçün bu sahəyə ciddi investisiyanın qoyulmalı olduğunu deyib: “Kənd təsərrüfatı ölkə daxilində əhalini ərzaq məhsulları ilə təmin etməlidir. Bunun müqabilində isə biz kənd təsərrüfatına investisiya qoymalıyıq, o cümlədən də heyvandarlıq məhsullarına. Bu gün təkcə ətdə deyil, ağartı məhsulları, eləcə də digər heyvandarlıq məhsullarında da qiymət və idxal artımı müşahidə edilir. Qeyri-neft sektorunun inkişaf istiqamətində ən böyük potensiala malik olan sahə kənd təsərrüfatıdır. Oraya cəmi bir-iki milyard civarında vəsaitin ayrılması düzgün deyil, bu vəsait azı beş-altı dəfə çox olmalıdır, hər il büdcədən beş-altı milyard manat xərclənməlidir. Xərclənmə sahələrində isə şəffaflıq, hesabatlılıq təmin edilməlidir. Elə mexanizm tətbiq edilməlidir ki, həmin vəsait fermerə çatsın. Bunun üçün də makroiqtisadi göstəricilərə nail olmaq gərəkdir”.

A.Nəsirli idxal edilən ətin də keyfiyyətcə yerli məhsulları əvəz edə bilmədiyini vurğulayıb: “Biz çox nadir hallarda mağazalarda xarici ət satıldığını görürük. İdxal edilən ət, əsasən, qapalı təşkilatların və digər dövlət müəssisələrinin ehtiyacları üçün istifadə edilir. İdxal nə qədər çox olsa da, bu yerli ehtiyacları tam ödəyə bilmir. Əhali daha çox yerli heyvandarlıq məhsulları istehlak edirlər. Ona görə də qiymətlər günbəgün artır. Təbii ki, dünyada da ətin qiyməti bahalaşır. Amma bu məbləğ bizdə olduğu qədər deyil”.

Ekspert bahalaşmanın davam edib-etməyəcəyinə də aydınlıq gətirərək bildirib ki, qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar ətə olan təlabat azalacaq: “Bilirik ki, qarşıdan yay ayları gəlir. Bu ətə olan tələbatı bir qədər azaldacaq. Ona görə də payıza qədər ətin qiyməti sabit qalacaq. Amma payızda ətin qiyməti yenidən bahalaşa bilər”.

Məsələyə münasibət bildirən  kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da deyib ki, son dövrlər ölkədə heyvandarlığın zəifləməsi, fermerlərin bu sahədən imtina etməsi Azərbaycanda ət bazarına ciddi təsir göstərib: “Biz uzun illərdir xəbərdarlıq edirdik ki, yaxın zamanlarda ətin qiymətinin kiloqramı 20 manata qədər bahalaşacaq. Bunun da bir neçə səbəbi var. Uzun illərdi fermerlərin örüş kimi istifadə etdiyi sahələrinin 300-400 min hektardan çoxu zəbt edilərək əkin sahəsi kimi istifadə edilib. Həm örüş sahəsi, həm də yem məhsulları istehsalı azalıb. Məsələn, otun istehsalından 100 min tona qədər azalma oldu. Möhkəm yem bazası olmadan ət istehsalını artırmaq mümkün olmayacaq. Qalan örüş əraziləri yüklənib və məhsuldarlıq aşağı düşüb”.

Vahid Məhərrov onu da əlavə edib ki, hələ 2015 və 2018-ci ildə ərzaq təminatı iə bağlı dövlət proqramı qəbul edilmişdi ki, o proqramda qüvvəli yem istehsalını 2 milyon tona qaldırmaq nəzərdə tutulmuşdu: “Hələ də bu yüz min tondan yuxarı qalmayıb. Proqramda nəzərdə tutulandan 20 dəfə az qüvvəli yem istehsal olunur. Bu isə o deməkdir ki, ölkədə ət istehsalı dayanıqlı ola bilməz və ətin qiyməti hər dəfə belə dəyişəcək. Son beş ildə ətin qiyməti 50 faizdən çox bahalaşıb. Doğrudur, ölkədə digər məhsulların qiymətində də artım var, bu da təsir edən amildir, ət istehsaçıları həm də istehlakçı olduqları üçün çalışırlar ki, gəlirlərini artıraraq artan xərclərini kompensasiya etsinlər”.

Vahid Məhərrəmovun sözlərinə görə bizdən fərqli olaraq dünyada ətin qiymətlərində azalma var: “Azərbaycanda isə keçən ildə dayanaqlı olaraq mal ətinin, qoyun ətinin, toyuq ətinin qiymətində artım olub. Bu il də artım müşahidə olunur. Ət kəsimi ilə məşğul olan şəxsləri, fermerləri günahlandırmaq doğru deyil. Çünki problem istehsalda, yem bazasının zəif olmasındadır. Daha çox məhsul istehsal etmək lazımdır. Bu da həm də ət istehlakının qarşısını alır. Ölkə əhalisinin tələbatına uyğun tələbat artmalıdır. Ət istehlakı ilə bağlı beynəlxalq hədd var. Lakin Azərbaycanda bu minimum hədd müyyən edilib. Azərbaycanda bu ortalama hədd 35, beynəlxalq normada isə 78 kiloqramdır. Əgər bu gün Azərbaycan adam başına 37-38 kq ət istehsal edirsə, bazarda ətlə bağlı xaotik vəziyyət yaranmalı, qiymət tez-tez dəyişməli və defisit yaranmalıdır”.

Oxunma sayı 167