Hər gün yenilənən Bakı dünyanın dörd bir yanından qonaq qəbul edir. Bakıya gələnlər şəhərimizin cazibəsinin fövqündə dayana bilmirlər, öz ölkələrində də paytaxtımız haqqında ağız dolusu danışırlar. Axı Bakımız həqiqətən gözəl şəhərdir. Gözəl olduğu qədər də çox qədim tarixi vardır. Bakını vəsf edən o qədər şair olub ki, bunlar içində xarici şairlər də var. Bu dəfə Bakımızın görünüşünə xələl gətirən bir nüans barədə danışmaq istəyirəm.
Hündürmərəbəli binalar tikilir, yüksək qiymətə də satılır. Hələ bu da azmış kimi, kommunal xidmət adı altında hər ay sakinlərdən o qədər pul alınır ki, heç sakinlər nə üçün alındıqlarını özləri də bilmirlər. Olsun, nə deyirik, buna da dözmək olar..
...Amma və lakin nəyə görəsə bu tikilən, satılan binalar bir neçə ildən sonra elə görünür ki, elə bil yüz əsirlik yaşı var imiş. Axı qanunlarımıza görə, belə binaları inşa edən tikinti şirkəti yığdıqları pul hesabına bu kimi şeylərə nəzarət etməlidir.
Amma deyəsən nəzarət mexanizmi tarixə qovuşub. Ona görə ki, gördüklərimiz deyir ki, bina tikib pul qazanan şirkətlər binanı satan kimi qeybə çəkilirlər.
Bu gün biz də şəhərin bir neçə ünvanında yerləşən binaların üz fasadlarını görmək üçün çıxdıq, göz gəzdirdik. Gördüyümüz onu deməyə əsas verir ki, bəli, şəhərimizin gözəl görünməyini istəyiriksə bu kimi nüanslara da fikir verilməlidir.
Sakinlərin də fikrini öyrənmək istədik, görək onlar necə düşünür.
- Rəhimə Gözəlova adlı sakin deyir ki, yaşadıqları binanın üz fasadı çox əcaib görsənir: “Yaşadığım binanın yaşı çox deyil. On il olar biz də o binadan mənzil almışıq. Binaya yaxınlaşanda isə tarixi bina kimi görünür. Üzündəki emusiya yuyulub və yeni emusiya da çəkilmir”.
Maraqlıdır bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti nə düşünür?
Hafta.az BŞİH ilə əlaqə saxlayıb. Qurumdan bildirildi ki, artıq bu məsələ BŞİH-nin balansında deyil:
“Əvvəllər BŞİH nəzarət edirdi, monitoriqnlər aparırdı. Daha bu məsələ Bakı Şəhər Aritektura İdarəsinin balansına verilib. Ona görə də bu haqda rəsmi nəsə deyə bilmərik”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirir ki, çoxmənzilli binaların tikintisi sürətlə aparılsa da, istismara verilən binaların idarə olunmasında ciddi problemlər var:
“Türkiyə, Avropa və digər ölkələrin praktikalarına nəzər salsaq, binaların idarə olunması ən gəlirli xidmət sahələrindən biri hesab olunur. Lakin ölkəmizdə bu sahədə mövcud olan problemlər həddindən artıq çoxdur. Tikinti şirkətlərinin inşa etdiyi yaşayış binalarında yığılan kommunal ödənişlərin məbləği bəzən sakinlər tərəfindən haqlı olaraq, birmənalı qarşılanmır. Xüsusən də kommunal ödənişlərin qarşılığında göstərilən xidmətlərin aşağı səviyyədə olması narazılığı daha da artırır. Bu isə sakinlərlə Mənzil-Tikinti Kooperativi (MTK) rəhbərləri arasında daimi gərginliyə səbəb olur. Kommunal xidmətlərin göstərilməsində yaranan narazılıqlar bu sahənin inkişafına çox mənfi təsir göstərir. Ölkədə 2000-dən çox yeni tikilmiş çoxmənzilli yaşayış binalarının olmasına baxmayaraq, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri (MMMC) və idarəetmə şirkətlərinin sayı bundan xeyli azdır. Problemin həlli üçün çoxmənzilli yaşayış binalarının dövlət nəzarətinə keçirilməsinə ehtiyac var. İdarəetmə işi sakinlərə məxsus olsa da, bu çərçivədə bir Fondun yaradılması zəruridir. Həmin fonda yığılan vəsaitlə gələcəkdə binanın təmiri üçün tələb olunan xərclər ödənilməlidir. Çünki hazırda istifadədə olan binaların əksəriyyəti artıq köhnəlir. Onların bir çoxunun fasadları tökülüb, liftləri bərbad gündədir. Yenilənmə işləri isə külli miqdarda vəsait tələb edir.Sakinlər və MTK-ların bu vəsaiti təmin etməyə imkanı çatmır. Ona görə də dövlət tərəfindən inşası bitmiş binalar təhvil alınaraq, idarəetmə sahələri nəzarətə götürülməlidir. Binaları idarə edən MTK, MMC və idarəetmə şirkətlərinə aidiyyatı orqanlar tərəfindən dəstək verilməsə, müəyyən zamandan sonra bina sakinləri ciddi problemlərlə üz-üzə qala bilər”.